Əbədiyaşar lider
Digər xəbərlər

Əbədiyaşar lider

Hər xalqın seçilən və sevilən, həyatın ən ağır anlarında ona yol göstərən, tarixi dönüşlər zamanı düzgün istiqamət verərək onu büdrəməkdən xilas edən böyük şəxsiyyətləri olur. Belə şəxsiyyətlər gördüyü misilsiz işlərlə xalqının varlığını, mövcudluğunu əbədiləşdirdiyinə, onun gələcək inkişaf yollarını, digər millət və dövlətlər arasında yerini, mövqeyini müəyyənləşdirdiyinə görə xalqın əbədi qürur yerinə çevrilir. İllər keçdikcə belə insanların qeyri-adiliyi və onların ideyalarının əbədiyaşarlığı dönə-dönə öz təsdiqini tapır və bu ideyalar bütün nəsillərə örnək olur, onları daha böyük quruculuq işlərinə ruhlandırır. Xalqımızın da zaman-zaman belə tarixi şəxsiyyətləri olmuş və məhz onların sayəsində bu gün Azərbaycan müstəqil dövlətlər sırasında öz layiqli yerini tuta bilmişdir. İndi Azərbaycan böyük əzab-əziyyət və tökdüyü qanlar hesabına bərpa etdiyi müstəqilliyi gündən-günə möhkələndirməklə yanaşı, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

XX əsrdə Azərbaycanın taleyinə uca Tanrının qisməti kimi göndərilən belə şəxsiyyətlərdən biri də tariximizin şərəfli səhifələrini yazmış dünya səviyyəli, müdrik siyasi xadim, vətənpərvər, xalqımızın böyük oğlu Heydər Əliyev olmuşdur. Bu il 100 illiyini dərin ehtiramla qeyd etdiyimiz ulu öndərin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün əbədi örnəkdir. Çünki bu böyük şəxsiyyətin milləti, ölkə və dövləti, bütövlükdə isə Vətəni naminə gördüyü misilsiz işləri sadalamaqla qurtarmaz. Vətənini bütün varlığı ilə sevən və həyatını millətinə həsr edən bir şəxs kimi xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

XX əsrdə xalqımız iki dəfə öz müstəqilliyinə qovuşsa da müəyyən obyektiv və subyektiv səbəblərdən ötən əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyini qoruyub saxlaya bilməmiş və uzun müddət SSRİ tərkibində yaşamağa məcbur olmuşdur. Keçən əsrin 60-cı illərində Azərbaycan geridə qalmış respublikalar siyahısında idi. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildi və elə bu hadisədən sonra azərbaycanlılara qarşı münasibət köklü surətdə dəyişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar ölkəsinə çevrildi. Həmin dövrdə sənayedə, xüsusən də neft-mədən sənayesində respublikamız sürətlə inkişaf etmiş, nəhəng müəssisələr - Bakı Məişət Kondisionerləri və Dərin Dəniz Özülləri zavodları kimi İttifaq miqyaslı obyektlər inşa olunmuşdur. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində onlarla yeni yaşayış massivi, yüzlərlə məktəb, xəstəxana və bağça binası tikildi, yollar salındı.

Milli-mənəvi dəyərlərimizi hər şeydən üstün tutan Heydər Əliyev Kremlin bütün təpkilərinə baxmayaraq, Azərbaycan dilini respublikada dövlət dili səviyyəsinə qaldırdı. Həmin illərdə istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqi, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir. Klassik Azərbaycan ədəbiyyatı, incəsənəti çoxəsrlik tariximizin məhz Heydər Əliyev dövründə, onun bilavasitə dəstəyi və himayədarlığı ilə bütün dünyada tanınmış, kino, teatr, opera-balet, təsviri sənət əsərlərimiz sərhədləri aşmışdır.

Parlaq gələcək naminə ölkəyə peşəkar kadrlar tələb olunurdu. Bununla bağlı Heydər Əliyevin gərgin səyi nəticəsində minlərlə azərbaycanlı gənc elmin və təhsilin dərinliklərinə yiyələnmək üçün İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərildi. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir. Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdi.

Bütün bu sadalanan faktlar göstərir ki, Heydər Əliyev  respublikamıza hələ birinci rəhbərliyi dövründə uzaqgörənliklə gələcək müstəqilliyimizin bünövrəsini qoyurdu. Tarixən zəngin milli dövlətçilik ənənələrinə malik olan xalqımız bütün siyasi-ideoloji hücumlara, təzyiq və təqiblərə rəğmən məhz bu möhkəm bünövrə üzərində öz müqəddəs azadlıq duyğusunu qoruyub saxlamış və yaşatmışdır. Nəticədə, ötən əsrin sonlarında yenidən öz milli istiqlalı və dövlətçiliyi uğrunda fədakar mübarizəyə qalxan xalqımız böyük çətinliklər və faciələr hesabına azadlığına qovuşaraq milli dövlətçiliyini bərpa edə bilmişdir. Ancaq müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq ondan qat-qat məsuliyyətlidir.

Azərbaycan rəsmən suveren dövlət elan olunsa da 1993-cü ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı həqiqətləridir. Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.

1993-cü ildən başlayaraq Azərbaycan özünün sağlam, bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı, təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.

1994-cü il neft sazişindən sonra Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini etibarlı şəkildə qurmaqla dünyada iqtisadi və siyasi dayaqlarını müəyyənləşdirdi. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də Azərbaycan neft strategiyasını uğurla həyata keçirir. Bu strategiya ölkəmizin çiçəklənməsinə və tərəqqisinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial məsələlərin yüksək səviyyədə həllinə xidmət edir. Həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsi olaraq bank, maliyyə, vergi, gömrük sistemləri tamamilə yenidən qurulmuş, iqtisadiyyatın idarə olunmasında dövlətin rolunun əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılmışdır. Dövlət əmlakının özəlləşdirilməsi məqsədilə proqramlar qəbul edilmişdir. Bu cür məqsədyönlü tədbirlər hesabına Azərbaycan iqtisadi yüksəliş yolunda inamla irəliləyir.

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk Milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin rəhbərliyi ilə  hazırlanmış ölkəmizin Əsas Qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Müasir Azərbaycan cəmiyyətinin ən yüksək demokratiya ideallarına uyğun inkişaf etmək istəyi bu Konstitusiyanın bütün müddəalarında qabarıq şəkildə özünü büruzə verir. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qola - qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş Konstitusiya köklü məhkəmə-hüquq  islahatlarının aparılmasının da əsasını qoydu.

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin  sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş "Məhkəmə və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş "Konstitusiya Məhkəməsi haqqında" qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Notariat haqqında" və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və "məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədəri təzələndi. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmiş və ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan, diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.

Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı fərman və sərəncamlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinə və mükəmməl iş təcrübəsinə dəlalət edir. Dövlət başçısı praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2023-cü illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin yaradılmasına, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə geniş imkanlar yaratmışdır.

Azərbaycan iqtisadiyyatı son illərdə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlanmışdır. Respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit Ümumi Daxili Məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin reallaşdırılması nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin vətəndaş şüurunda mənimsənilməsinə imkan yaratmışdır. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Prezidentimiz təcrübəli siyasətçi, müdrik bir rəhbər kimi Qarabağ münaqişəsini də uğurla həll etdi. Ermənistanın sentyabrın 27-də törətdiyi təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan bütün vəzifələr həyata keçirildi. Şanlı ordumuzun əsgər və zabit heyəti yüksək peşəkarlıq və rəşadət nümayiş etdirərək düşmənin 30 ilə yaxın bir müddətdə yaratdığı güclü mühəndis-texniki istehkamlarını dağıtdı, hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Nəhayət, noyabr ayının 10-da üçtərəfli Bəyanat imzalandı və bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

Ayaz MAHMUDOV,

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi.