Ermənistanın hərbiləşmə siyasəti və mövcud konstitusiyası sülhə xidmət etmir
Siyasət

Ermənistanın hərbiləşmə siyasəti və mövcud konstitusiyası sülhə xidmət etmir

Xorvatiyada keçirilən "Dubrovnik" forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə albaniyalı həmkarı İqli Hasani arasında görüş keçirilib.

Söhbət zamanı Ermənistan XİN rəhbəri bildirib ki, Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla saziş vacibdir. Erməni diplomatın söylədiyi bu fikirlər demək olar ki, rəsmi İrəvanın verdiyi bütün bəyanatlarda yer alır. Ermənistan hər zaman Azərbaycanla sülhə və normallaşma prosesinə sadiq olduğunu desə də, buna zidd addımlar atır. Məhz bu amil iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına böyük əngəldir.

Ötən gün Bakıda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn ilə görüşən nazir Ceyhun Bayramov ABŞ rəsmisinə məlumat verərək bildirib ki, sülh layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməli və konstitusiyaya dəyişiklik etməlidir. Nazir, həmçinin Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.

Ermənistanı sülh sazişindən yayındıran digər bir məqam isə Fransanın bu ölkə üzərindəki təsiridir. Rəsmi Paris Ermənistanı silahlandırmaqla bölgədə yenidən müharibə şəraiti yaratmaq istəyir. Bu günlərdə İrəvan və Paris arasında imzalanan müqavilə bunun əyani sübutudur. İyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərində Fransa-Almaniya konserni "KNDS" ilə müqavilə imzalayıb. Bu müqaviləyə görə, "Sezar" silahı Fransadan Ermənistana tədarük olunacaq. Məsələ təkcə bununla yekunlaşmır. Hələ bir müddət öncə Fransa Senatı Ermənistana tez bir zamanda "Sezar" qırıcı təyyarələrinin tədarükü məsələsinə baxmağa çağırıb. Bununla yanaşı, cari ilin fevral ayında Fransa müdafiə naziri Sebastian Lekornu Ermənistana səfəri zamanı erməni həmkarı Suren Papikyanla geniş hərbi əməkdaşlığa dair saziş imzalayıb. Ermənistan media orqanlarının iddiasına görə, rəsmi İrəvan və Paris arasındakı bu saziş hərbi-siyasi və hərbi-texniki sahələrdəki ikitərəfli əməkdaşlığı daha da genişləndirəcək, hər iki ölkənin hərbçiləri birgə təlimlər keçirəcək və Fransadan Ermənistana müasir silahlar ixrac ediləcək. Nazir Ceyhun Bayramovun da qeyd etdiyi kimi, bu cür vəziyyət regionda sülhə və sabitliyə xidmət edə bilməz.

Bir neçə aydır Azərbaycanla Ermənistan arasında Konstitusiya dəyişiklik edilməsilə bağlı müzakirələri daha da dərinləşib. İyunun 6-da Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistan Konstitusiyasına dəyişiklik etmədən heç bir sülh müqaviləsinin imzalanmasının mümkün olmadığını deyib: "...Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir... Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik". Dövlət başçısı bununla da sülhə gedən yolun nədən ibarət olduğunu qeyd edib. Bu İrəvan siyasi elitasının qarşısında Prezident İlham Əliyev tərəfindən qoyulan növbəti tapşırıqdır.

Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsində və konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və Dağlıq Qarabağın qondarma Milli Şurasının "Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi" haqqında birgə qərarına istinad olunur. Çoxdandır Ermənistanda da müzakirələrə səbəb olan bu məsələ ilə bağlı Nikol Paşinyan son qərarını verib. Baş nazir 2026-cı ilin 30 dekabr tarixinə qədər yeni konstitusiya layihəsini hazırlamaq və təsdiq etmək tapşırığı verib. Burada diqqətçəkən məqam Paşinyanın konstitusiyaya dəyişiklik etməsi yox, yeni konstitusiya qəbul etməsidir. Bu isə o deməkdir ki, 2026-cı ilə qədər Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalaması təxirə düşə bilər. Hərçənd ki, COP29-a qədər iki ölkə arasında sülh sazişinin ilkin sənədinin imzalanmasına dair gözləntilər var.

Musa BAĞIRLI,

"Respublika".