Media sahəsində beynəlxalq əməkdaşlıq genişlənir
Digər xəbərlər

Media sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

Trend BİA ilə Demirören İnformasiya Agentliyinin birgə layihəsi olan "www.dhapress.com"un Şuşa Qlobal Media Forumu çərçivəsində təqdimatı

Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı olub.

Layihənin üstünlüklərindən biri ilk dəfə olaraq Azərbaycan xəbər lentinin Türkiyənin nəhəng media portalında yerləşdirilməsidir.

Təqdimat mərasimində Trend BİA və DHA informasiya agentliyinin rəhbər heyəti, rəsmi şəxslər, xarici və yerli media nümayəndələri iştirak edib.

Açılışda çıxış edən Trend BİA-ın direktor müavini Sahil Kərimli bildirib ki, Trend Beynəlxalq İnformasiya Agentliyi daim beynəlxalq əməkdaşlığı genişləndirir, xüsusilə də qardaş Türkiyə ilə media sahəsində işbirliyinə böyük önəm verir.

Tədbirdə çıxış edən Prezident Administrasiyası Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Azərbaycan ilə Türkiyə daim birlikdə addımlayan, informasiya məkanında da biri-birinə dəstək olan dost və qardaş ölkələrdir. C.Musayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə Azərbaycana hərtərəfli dəstək göstərib. İnformasiya cəbhəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası böyük rol oynayıb.

C.Musayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ölkələrimiz arasında media əlaqələrinin möhkəmləndirilməsinə ciddi təkan verib. "Bu xüsusda rəsmiləşən Ortaq Media Platforması Azərbaycan və Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılmasına şərait yaradıb. Azərbaycan və Türkiyə arasında bir sıra əməkdaşlıqlar mövcuddur və bu proses yüksələn xəttlə davam edir. İki ölkə arasında media sahəsində sıx əməkdaşlıq əlaqələri qurulur. Ortaq Media Platforması çərçivəsində Azərbaycan Televiziyası və Azərtac Dövlət Agentliyi layihələr reallaşdırıb. Sevindirici haldır ki, müstəqil media qurumları arasında da bu əməkdaşlıq uğurla inkişaf edir. Trend İnformasiya Agentliyi də bu istiqamətdə çox böyük uğurlara imza atır. Yeni yaradılan "DHA press" bu əlaqələrin inkişafına növbəti töhfədir. Platforma Azərbaycan və Türkiyə xəbərlərinin, haqq səsimizin dünyaya çatdırılmasında mühim rol oynayacaq", - deyə C.Musayev qeyd edib.

Daha sonra Demirören İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkut iki ölkənin aparıcı media qurumu arasındakı bu işbirliyi barədə fikirlərini bölüşərək bildirib ki, qardaş Azərbaycan bizim üçün çox dəyərlidir. Bu səbəbdən bir çox sahələrdə olduğu kimi, media sektorunda da əməkdaşlıq edirik. "Ötən il Azərbaycanın ən nüfuzlu agentliyi olan Trend İnformasiya Agentliyi ilə birgə layihələrin hazırlanması üçün protokol imzaladıq. dhapress.com saytı bizim vitrinimiz olacaq. Burada təkcə Türkiyə və Azərbaycandan deyil, bütün dünyada baş verən mühüm hadisələri və xəbərləri əldə edə biləcəksiniz. Saytımızda yalnız iki ölkədəki xəbərlər yer almayacaq. Biznes, mədəniyyət və incəsənət xəbərlərindən səhiyyə, təhsil və idmana qədər hər sahədən məlumat əldə edə biləcəksiniz", - deyə o bildirib.

C.Korkut həmçinin vurğulayıb ki, dünyanın hər yerindən müraciət edə biləcəyiniz dhapress.com təkcə Türkiyə və Azərbaycanın deyil, bütün türk cümhuriyyətlərinin səsini dünyaya çatdıran platformadır.

"Bu baxımdan biz digər türk cümhuriyyətləri ilə əməkdaşlıq üçün fəaliyyətimizi davam etdiririk. Rəqəmsallaşmış media dünyasında dəqiq və keyfiyyətli xəbərlərə ən sürətli şəkildə çatmaq üçün hər kəsi dhapress.com-da görüşməyə dəvət edirəm", - deyə o vurğulayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid də yeni yaradılan portalın işinə uğurlar arzulayıb, bunun iki qardaş ölkənin media sahəsində xüsusi yer tutacağına ümid etdiyini söyləyib. "Azərbaycan və Türkiyə arasında hər sahədə olan uğurlu əməkdaşlıq media sahəsinə də böyük töhfələr verir. Azərbaycanın aparıcı media orqanı Trend İnformasiya Agentliyi və Türkiyənin nüfuzlu Demirören İnformasiya Agentliyinin birgə layihəsi olan "www.dhapress.com"un hər iki ölkəyə yeniliklər, uğurlar gətirəcəyinə əminəm. Bir müddət əvvəl Trend BİA ilə DHA arasında əməkdaşlıq barədə memorandum imzalanarkən mən də bu tədbirdə iştirak etmişdim. Sevinirəm ki, bu anlaşma tez bir müddətdə öz bəhrəsini verdi və belə bir layihə reallaşdı", - deyə o əlavə edib.

R.Məcid həmçinin vurğulayıb ki, bu portalın Azərbaycanın Milli Mətbuat Günündə yaradılması təsadüfi deyil. "Bu cür əməkdaşlıqlar informasiya məkanında daim söz sahibi olmaq üçün xüsusi önəm daşıyır", - deyə R.Məcid qeyd edib.

“Respublika”.