Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilir
Digər xəbərlər

Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilir

Nəqliyyat sisteminin inkişafına ölkəmizdə daim diqqət göstərilib. Çünki bu sahə dövlət prioritetləri sırasında körpü rolunu oynayır. Nəqliyyat sektorunun ölkə iqtisadiyyatının hərtərəfli inkişafında xüsusi yeri var.

Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda nəqliyyat sektoru xeyli təkmilləşib və inkişaf edib. Sahəyə göstərilən diqqətin nəticəsi olaraq 1970-ci ildə Azərbaycan SSR-də nəqliyyat və rabitəyə 147 milyon manat, 1982-ci ildə isə 214 milyon manat əsaslı vəsait qoyulub və 1970-1982-ci illərdə nəqliyyat sahəsində əsas fondların artımı 79 faiz təşkil edib. Bu illər ərzində baş dəmir yollarının istismar uzunluğu 181,1 kilometrdən 1903 kilometrə, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 794 kilometrdən 1111 kilometrə, stansiya yollarının ümumi uzunluğu 954 kilometrdən 1343,5 kilometrə çatdırılıb, 372 ədəd yeni yoldəyişdirici quraşdırılıb.  Bütövlükdə XX əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün təməl yaradıb.

Nəqliyyat sektorunun inkişafı Prezident İlham Əliyevin dövründə də daim diqqət mərkəzində olub və bu sahəyə irihəcmli investisiyalar yatırılıb: "Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik", - deyən dövlət başçısının rəhbərliyi ilə "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı", "Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)", "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın İpək Yolunun üstündə yerləşməsi onun ən mühüm coğrafi üstünlüklərindən biri sayılır. Yüklərin daha sürətli, səmərəli və təhlükəsiz daşınması da məhz bunun hesabınadır. Həmçinin Azərbaycanın təşəbbüsü və dəstəyi ilə inşa olunub, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin tranzit imkanlarını artırıb və yük daşınmalarında yeni keyfiyyət mərhələsinin əsasını qoyub. Bir sözlə, BTQ dəmir yolu xətti ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verir.

Nəqliyyat sektorunda Orta Dəhlizin də xüsusi rolu vardır. Orta Dəhliz öz imkanları ilə regiondakı dövlətlərin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm qollarından biri kimi qiymətləndirilir. Orta Dəhlizin nəqliyyat həcmindəki böyük artımı 2022-ci ilin yanvar-mart aylarında, 2023-cü ilin I rübünə qədərki dövr ərzində görmək mümkündür. Cənubi Avropaya daşınan yüklərin tranzitində əsas rol oynayan dəhlizin Türkiyə  hissəsinin inkişafı üçün yeni optimallaşdırma səylərinin davam etdirilməsi də təqdirəlayiq addımlardandır. Həmçinin qeyd etmək lazımdır ki, İstanbuldan Bolqarıstanla sərhədə yüksək sürətli dəmir yolu bağlantısının bir hissəsi olan Halkalı-Kapikule dəmir yolu layihəsinin il ərzində başa çatdırılması, Orta Dəhlizdə dayanıqlı, sürətli və səmərəli daşımaların asanlaşdırılmasında mühüm rol oynayacaq. Cənubi Avropadan keçən hissəsinin optimallaşdırılması məqsədilə Türkiyə, Bolqarıstan, Serbiya və Macarıstan arasında yeni yaradılmış dördtərəfli koordinasiya şurası birgə sərmayə qoyuluşu, yükdaşıma qabiliyyətinin və infrastrukturun yaxşılaşdırılması istiqamətindəki addımlar da nəqliyyat sahəsindəki uğurlarımızın göstəricisidir.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra işğaldan azad edilmiş torpaqlarda minlərlə kilometr avtomobil və yüzlərlə kilometr dəmir yolu çəkilib. Bundan başqa, ölkəmiz regionda 18 təyyarə ilə ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Nəqliyyat sahəsində əldə olunan uğurları da xüsusi vurğulamaq lazımdır. Dövlət başçısının iyulun 11-də bu ilin altı ayının sosial-iqtisadi göstəricilərinin yekunlarına həsr olunan müşavirə zamanı söylədiyi fikirlər buna ən gözəl nümunədir: "Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır".

Röya RÜSTƏMLİ,

"Respublika".