Siyasət

"47-ci" kim olacaq və ya Ağ Evin Cənubi Qafqaz siyasəti dəyişəcəkmi?

ABŞ yeni prezidentini seçməyə hazırlaşır. "Demokratlar" və "Respublikaçılar" partiyaları arasında rəqabətin getdikcə qızışdığı bir dövrdə hazırkı prezident Co Bayden və Donald Tramp arasında debatlar da seçkilərə əhəmiyyətli dərəcədə təsir edir. Namizədlərin hər ikisi arasında debatların gərgin olacağı istisna deyil. Son debat hazırkı prezident üçün fiasko ilə nəticələndi desək, yanılmarıq.

Birləşmiş Ştatların prezidenti Co Baydenin Donald Trampla debat zamanı səsi və tərəddüdlü davranışları hətta onun partiya tərəfdarlarını da xoşagəlməz şəkildə təsirləndirib. İndi həm demokratlara sadiq şərhçilər, həm də partiya üzvləri noyabrda keçiriləcək prezident seçkisində onun yerinə başqa namizədin tapılmasının zəruriliyindən danışırlar.

Texniki cəhətdən bu, mümkündür, siyasi baxımdan isə asan olmayacaq. Təfərrüatlara gəlincə, Atlantadakı studiyadan CNN kanalında canlı yayımlanan bir saat yarım teledebatda Birləşmiş Ştatların 81 yaşlı prezidenti Co Bayden daxili və xarici siyasət məsələləri ilə bağlı öz mövqeyini izah etməyə çalışıb. Lakin kəkələməsi və danışmaqda çətinlik çəkməsi o qədər qeyri-müəyyənlik yaradırdı, debat bitdikdən dərhal sonra liberal şərhçilər və siyasi strateqlər bir-birinin ardınca başqa namizədin irəli sürülməsinə çağırışlar etməyə başladılar. "Morning Consult" tərəfindən aparılan və "Axios" portalında dərc olunan sorğunun nəticələrinə əsasən seçicilərin 60 faizi Cozef Baydenin debatlarda zəif çıxışından sonra demokratik düşərgədən prezidentliyə namizədin mütləq dəyişdirilməli olduğunu düşünürlər. Respondentlərin 45 faizi isə hazırkı dövlət başçısını yenidən ABŞ-ın prezidenti kimi görmək istəyir. Eyni zamanda rəyi soruşulan amerikalıların 44 faizi respublikaçı Donald Trampı dəstəkləyib və sorğu iştirakçılarının 57 faizi onun debatda Baydendən daha yaxşı çıxış etdiyini bildirib.

Hər iki namizəd artıq prezident olub. Buna görə də debat gecəsinin əsas intriqası söz və vədlərlə bağlı deyildi. Seçicilər artıq bütün bunları eşitmişdilər, əsas mövzu onların yaradacağı təəssüratla bağlı idi. Qoca Bayden ABŞ prezidenti kimi sələflərindən daha yaşlıdır və respublikaçılar öz ritorikalarında dəfələrlə Baydenin prezidentliyə uyğun olmadığını bəyan etmişlər. Demokratlar əvvəllər bu iddiaları təbliğat və şişirtmə kimi rədd etsələr də budəfəki debat görünür, onların fikirlərinin dəyişəcəyini göstərir. Trampa gəlincə, o, həmişə olduğu kimi, bir sıra ittihamlarla rəqibinə hücum etdi və onu təhrif olunmuş faktlar və hətta yalanlarla atəşə tutdu. Hazırkı prezidenti uğursuz adlandıran Tramp debat zamanı Baydendən daha enerjili və inamlı görünürdü. Beləliklə, bu debat hər iki partiyanın namizədlərinin artıq qərarlaşdığı bir kampaniyaya əslində qeyri-müəyyənlik əlavə etdi. Onların çıxışından dərhal sonra hətta demokratlara rəğbət bəsləyən nüfuzlu media orqanları Baydenə qarşı məqalələr dərc etməyə başladılar. Məsələn, "Atlantik" jurnalında "Fəlakət", "Politika"da isə "Deputatlar onun debat performasından şokdadırlar" başlıqlı yazılar dərc olundu. Əlavə olaraq, CNN nəşrində "Co Baydenin zəif çıxışı onun partiyası daxilində fikir ayrılığına səbəb oldu, "The Guardian"da "Bayden debatda bombardman edildi" kimi xəbərlər də öz əksini tapıb. "Nyu-York Tayms"in köşə yazarı Nikolas Kristov isə Baydeni namizədlikdən imtina etməyə və siyasi karyerasına son qoymağa çağırdı.

Tramp Baydendən cəmi dörd yaş kiçikdir - 78 yaşındadır. O vaxtlar Bayden seçicilər tərəfindən siyasətin ən səlist danışan adamlarından biri kimi yadda qalsa da bu dəfə zəif səslə danışdı və debatın ilk 15 dəqiqəsində nə demək istədiyini xatırlamağa çalışaraq bir neçə saniyə səssiz qaldı. Trampa gəlincə, o, həmişə rəqiblərini şişirtməyi xoşlayır. 2017-ci ildə inaqurasiya mərasimində də o, Barak Obamanın hakimiyyətini "Amerika qırğını" kimi qiymətləndirmişdi. İndi isə Birləşmiş Ştatları "üçüncü dünya ölkəsi" və ya "siçovul yuvası" adlandırıb. Donald Tramp Baydeni cinayətkarlara göz yummaqda ittiham edib. Trampa ən çox xal qazandıran mövzu isə miqrasiya olub. Onun prezidentliyi dövründə Birləşmiş Ştatların cənub sərhədini vizasız və sənədsiz keçənlərin sayı Baydenin hakimiyyəti dövründəkindən üç dəfə az olub. Odur ki, Tramp xüsusən miqrasiyanın artmasına görə Baydeni qınamağı da unutmayıb.

Birləşmiş Ştatlar indi dolayısı ilə bütöv regionların taleyini dəyişən iki qanlı münaqişədə iştirak edir. ABŞ Ukraynaya Rusiyanın işğalında kömək edir və Həmasla müharibədə İsraili dəstəkləyir. Digər tərəfdən, Bayden administrasiyası Kremlin ən çox təsir bölgələrindən biri olan Cənubi Qafqaza meyillənərək burada ABŞ-ın rolunu artırmaq istəyir. Lakin regionun ən güclü dövləti olan Azərbaycanın əleyhinə zaman-zaman aparılan kampaniyalar Ağ Evin bölgədə nüfuzuna zərbə vurub. "907"-ci düzəliş və Senat tərəfindən müxtəlif vaxtlarda səsləndirilən qərəzli fikirlərin son dönəmlərdə aradan qaldırılmağa cəhd edilsə də, ölkəmizə ötən günlərdə səfər edən Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın ötən ilin noyabrında ermənipərəst fikirləri inamsızlıq mühiti yaradıb, bir növ öz səhvlərinin üstünü suvamağa çalışır. Ümumiyyətlə, demək olar ki, ABŞ-ın 47-ci prezidenti olacaq şəxs ilk növbədə öz ölkəsinin maraqlarını qoruyacaq. Yəni Donald Tramp, Co Bayden və hər hansı bir "sürpriz" üçüncü şəxsin Azərbaycana qarşı öz məkrli niyyətlərindən əl çəkəcək fikri yanlışdır. Düzdür, analitiklərin qənaətinə görə, Baydenin dövrünə nisbətən Donald Trampın ABŞ-a prezidentlik etdiyi 2017-2021-ci illər arasında Azərbaycanla münasibətlər daha yaxşı olub. Cənub Qaz Dəhlizinə verdiyi dəstək, əksər ABŞ prezidentlərindən fərqli olaraq qondarma erməni soyqırımı günündə (24 aprel) bəyanatla çıxış etməyərək erməni lobbisinin təsirinə düşməməsi Trampı Baydendən bir addım irəli aparıb. Lakin ATƏT-in keçmiş Minsk qrupunun üzvü kimi ABŞ-ın fəaliyyətsizliyinin bir hissəsi də məhz Baydenin dövrünə düşür. Bayden administrasiyasının isə seçki dövrünə hazırlıq prosesinin başladığı müddətdən bəri öz ölkəsində erməni diasporunun çoxluq təşkil etməsi səbəbindən taktika işlədərək hayları həyəcanlandıracaq fikirlər səsləndirməsi heç bir işə yaramadı, əksinə, Cənubi Qafqazda Azərbaycan reallığını gözardı etməyə çalışması onun vəziyyətini daha da pisləşdirdi. Üstəlik, Bayden Obamanın vitse-prezident olduğu dövrlərdəki çıxışlarında da daima ermənipərəst mövqedən çıxış edib. Bu baxımdan, Azərbaycan üçün növbəti Ağ Ev rəhbərinin kim olması böyük əhəmiyyət daşımır, lakin Donald Trampın bu vəzifəyə gəlməsinin daha məqbul olduğu görünür.

Debata qayıtsaq, Baydenin inandırıcı olmayan performansı bu prezidentlik kampaniyasına qəfil intriqa gətirdi. Onu digər namizədlə əvəzləmək əslində mümkündür. Amma bu son dərəcə mürəkkəb prosedur olacaq və yaşının problem olmadığını israr edən Baydenin özünün razılığını tələb edir. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub.

Tacir SADIQOV,

"Respublika".