Makronun “hakimiyyət
Siyasət

Makronun “hakimiyyət" sevdası onu parlamenti buraxmağa vadar etdi

Avropa Parlamentində (AP) keçirilən seçkilərdə ifrat sağçıların böyük səs çoxluğu ilə qələbə qazanması Makron hökumətinin dərhal növbədənkənar parlament seçkiləri təyin etməsi ilə nəticələndi. Bu, "müsyö" Makronun Avropa Parlamentinə seçkilərdə uduzduğunu etiraf etməsi idi.

Ağır məğlubiyyət Makron rejiminin "hakimiyyət" sevdasını azaltmadı. Nəticədə növbəti siyasi möhtəkirlik nümunəsi nümayiş etdirən Makron rejimi "yola davam" qərarı aldı. Fransa prezidenti Emmanuel Makron parlamenti buraxıb növbədənkənar seçkilər elan edərək bir növ öz taleyindən qaçmağa cəhd edir.

Belə ki, Marin Le Penin qeyri-formal lideri olduğu "Milli Birlik" partiyasının hakimiyyətə gəlişinin qarşısını almağa hesablanmış bu addım görünür heç bir effekt verməyəcək. Əksinə, xalq arasında keçirilən sorğulara görə Makronun "Renesans" partiyasına cəmi 22 faiz insan səs verməyə hazırdır.

Məlumdur ki, demokratik dəyərlərə əsaslanan siyasət yürüdən ölkələrdə ağır seçki məğlubiyyəti yaşayan siyasi liderlər adətən istefa verərək vəzifələrini "üzüsulu" tərk edirlər. Görünür, Makron hesab edir ki, Yelisey sarayında hər kəs onun dedikləri ilə oturub durduğu kimi, bütün ölkələr də onun təlqinləri əsasında öz xarici siyasətini müəyyən etməlidir. Bu məqamda ölkə başçımız cənab İlham Əliyevin sözlərini qeyd etmək yerinə düşər: "Bəs, demokratiya haradadır? Hamı eyni fikirdəmi olmalıdır? Hamı orada bəzi Qərb ölkələrində oturanların sözü iləmi oturub-durmalıdır? Kim onlara bu haqqı qazandırır? Onların keçmişi heç də onlara şərəf gətirmir. Onların keçmişi qanla doludur. Onların keçmişi müstəmləkəçilikdir".

Yeni dünya düzənində demək olar ki, bütün oyunçular Makron rejiminin fəaliyyətinin bundan sonrakı fazada nonsens olacağını bilirlər. Qlobal güc kimi Fransanın bu səbəbdən nüfuzu getdikcə aşağı düşür. Prezident Makron kimilər demokratiya, fikir müxtəlifliyi, tolerant dəyərlər, multikultural ənənələrdən danışsalar da, icraetmə və ya dırnaqarası idarəetmə mərhələsində "sinifdə qalır"lar. Şübhəsiz bu məqamlar ölkə daxilində xaosun baş qaldırmasına səbəb olur. Təsadüfi deyil ki, Fransada cinayətkarlıq indeksi hazırda 55 faizdən yuxarıdır. 2024-cü ilin birinci rübündə isə Fransa əhalisinin 2,3 milyondan çoxunun işsiz olduğu qeydə alınıb. İqtisadi sferada da, vəziyyət olduqca gərgindir, ölkənin borcu 313 trilyon ABŞ dolları təşkil edir. Fransanın gəlirləri və xərcləri arasında da xeyli fərq yaranıb.

Məlumdur ki, hazırda Fransada ciddi təbəqələşmə hökm sürür. Eləcə də, irqi, milli və dini ayrı-seçkilik prosesi davam edir. Analitiklərin fikrincə, bu Makronun "parçala və hökm sür" taktikasının ifşasıdır. Yəni hər nə qədər bu proses müsbət bəhrə verərsə ona qarşı çıxan qruplaşmaların seyrəlməsi müşahidə olunacaq. Hazırda bu məsələ bumeranq effekti verir. Digər tərəfdən, proses təkcə Fransa daxilində deyil, müstəmləkəçiliyə məruz qalan digər bölgələrdə də müşahidə olunur. Yeni Kaledoniya, Burkino Faso və digər yerlərdə Fransanın qanlı izləri aydın görünür. Başqa xalqlara, dövlətlərə yönəlik diskriminasiya siyasəti nə qədər davam edə bilər, bunu zaman göstərəcək. Lakin tarix göstərir ki, bəşəri zülmlərin müəllifləri gec, ya da tez qanunun aliliyi qarşısında cavab verməli olurlar.

Başda Fransa olmaqla dünyada əsaslı gündəm mövzusu olan seçkilərin qalibi müxalif qüvvələr olarsa, nələr baş verə bilər? Məlumdur ki, Makron rejiminin səriştəsiz idarəçiliyi əhalini təngə gətirib. Yəni xalq yeni fikir və ideoloji baxış axtarır. Məhz belə bir dövrdə ifrat sağçıların təşəbbüsü ələ alması təsadüfi deyil. Yeri gəlmişkən, müxalif "Milli Birlik" partiyası qələbə qazanarsa, o zaman Fransaya yeni hökumət başçısı seçilməlidir. Bu da 28 yaşlı Jordan Bardella ola bilər. Qeyd edək ki, Bardellanın da siyasi duyumunda müəyyən neqativlər öz sözünü deyir. O, daxili siyasətdə xalqa ümid verən çıxışları ilə gündəmə gəlsə də, xarici siyasətdə vəziyyət nisbətən qəlizdir. İlk öncə Bardellanın planları arasında miqrasiyanı məhdudlaşdırmaq, pensiya islahatlarını ləğv etmək və yalnız ölkə vətəndaşları üçün müavinətlərin saxlanılması əsas yer tutur. Xarici siyasətdə isə əsas gündəm mövzusu Yelisey sarayının gələcəkdə Rusiya-Ukrayna müharibəsinə necə münasibət ortaya qoymasıdır. Məhz Bardellanın fikri əvvəllər müharibədə Ukraynaya silah satışının qadağan edilməsi ətrafında cəmləşmişdirsə, bu gün vəziyyət tam fərqlidir. Londonun "The Financial Times" qəzetinə müsahibəsində də partiya təmsilçisi bildirib ki, "Milli Birlik" indi Kiyevi dəstəkləməyə etiraz etmir.

Fransada Makron rejiminin gələcəyi məsələsi sual altındadır. Analitiklər etiraf edirlər ki, Makron 2027-ci ilə qədər hakimiyyətdə qalsa, bu, yalnız siyasi manipulyasiya yolu ilə baş tuta bilər. Artıq "saxta vədlər"i işə salan Makron xalqa müraciətində idarəetmə sistemində dəyişiklik edəcəyini vurğulayıb. Yada salaq ki, bu cür vədlər 2019-cu ilin əvvəlində "sarı jiletlilər" hərəkatına son qoymalı olan debatlar zamanı və ötən yay ölkəni bürümüş şəhər üsyanlarından sonra da verilmişdi. Reallıq bundan ibarətdir ki, fransız xalqının əksəriyyəti bu gün Makronu "diktator" lider adlandırır. Dənizaşırı vilayətlərdə qanlı cinayət əməllərinə davam edən ölkə başçısının son repressiv addımları bu qənaəti daha da qətiləşdirir. Xüsusən də Yeni Kaledoniyada kütləvi həbslərin artması buna işarədir. Maraqlıdır ki, etirazlardan sonra Yeni Kaledoniyaya səfər edən Emmanuel Makron baş verənlərin araşdırılacağını elan etmişdi. Bütün bunları nəzərə alaraq, əminlikə qeyd etmək olar ki, Fransa əhalisi daxil olmaqla digər müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdəki insanlar Makrona məhz seçki yolu ilə "dayan" deyəcəklər.

Nurlan ABDALOV,

"Respublika".