Sərhəddə atəşkəsi pozan Hayastan “sülh istəyir”?!
Siyasət

Sərhəddə atəşkəsi pozan Hayastan “sülh istəyir”?!

44 günlük Vətən müharibəsindən sonra Ermənistan Azərbaycanın sülh təklifinə sözdə maraqlı olsa da, bu istiqamətdə real addımlar atmır. Bunun əsas səbəblərindən biri də rəsmi İrəvanın müstəqil qərar qəbul edə bilməməsidir.

Sirr deyil ki, Ermənistan Fransa başda olmaqla Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Həmin qüvvələr İrəvanın sülh prosesində irəliləməsinə mane olur, yeni müharibəyə təhrik edirlər. Azərbaycan isə dəfələrlə bəyan edib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasında ciddi maneə qalmayıb. Sülhə nail olmaq üçün rəsmi İrəvan siyasi iradə nümayiş etdirib, lazımi addımlar atmalı, ilkin olaraq isə öz konstitusiyasında dəyişiklik etməlidir. Çünki Ermənistanın istər konstitusiyasında, istərsə də bir sıra hüquqi sənədlərdə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var.

Ermənistanın müstəqillik bəyannaməsində Ermənistan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə 1989-cu il 1 dekabr tarixli "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin guya "soyqırımına" məruz qalmasından bəhs olunur. Həmçinin hadisələrin beynəlxalq aləmdə "soyqırımı" kimi tanınmasına çağırış edilir. 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyanın preambulasında da müstəqillik bəyannaməsinə istinad edilir. Bu zaman haqlı sual yaranır: konstitusiya dəyişmədən sülh sazişinin imzalanması necə mümkün ola bilər?

Ermənistanın baş naziri bütün çıxışlarında sülhə razı olduğunu desə də, əməldə bunun əksini edir. Çünki Paşinyan hakimiyyətinə həm xaricdən, həm də daxildən böyük təzyiqlər göstərilir. Bir sıra dövlətlər - ABŞ, Fransa, İran və Hindistan Cənubi Qafqazla bağlı maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edirlər. Ona görə də bəzən İrəvanla təzyiq yolu ilə danışır, bəzən də şirnikləndirirlər. Qərb bloku guya sülhə dəstək olduqlarını bildirsələr də, müstəqil siyasət yürüdə bilməyən Ermənistana Azərbaycanla əlaqələri normallaşdırmağa imkan vermir. Reallıq ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra regionda sülh üçün yeni imkanlar yarandı və bunu rəsmi İrəvan da, üçüncü tərəflər də etiraf edirlər. Azərbaycan müharibənin başa çatdığı ilk gündən sülh təşəbbüsü ilə çıxış edib və bu təşəbbüsünə də sadiqdir.

Hər iki dövlətin vasitəçi olmadan sülhə doğru atdığı addımlar nəticəsində aprel ayının 19-da danışıqlar yolu ilə Qazaxın işğal altında olan 4 kəndi geri qaytarıldı. Digər tərəfdən, qonşu dövlətin COP29-a ev sahibliyindən öz namizədliyini geri götürərək Azərbaycanı dəstəkləməsi ölkələrarası münasibətlərin tənzimlənməsi istiqamətində müsbət addım hesab olunur. Bütün bunlarla yanaşı, Ermənistan anlamalıdır ki, düşdüyü çətin iqtisadi və siyasi böhrandan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir.

Azərbaycan sülh müqaviləsinin bağlanması və regionda sabitliyin bərpası naminə dəfələrlə təşəbbüs irəli sürüb. Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin vacibliyini vurğulayıb. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı dövlət başçısı deyib: "Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın".

Son günlər bu istiqamətdə qonşu dövlət tərəfindən növbəti addım atıldı. Belə ki, Ermənistan yaxın aylarda Azərbaycan ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdi. Xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-də Tallində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib:

"Ermənistan və Azərbaycan danışıqlar aparır. Sülh müqaviləsi layihəsinin mətni demək olar ki, yekunlaşmaq üzrədir. Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır. İnanıram ki, Cənubi Qafqazda münaqişə səhifəsini bağlayaraq regiona sülh gətirməklə bunu edəcəyik, bu sülh region ölkələri və onların vətəndaşları üçün faydalı olacaq". İlk baxışda nikbin səslənən bu çıxış əslində növbəti erməni oyunu da ola bilər. Çünki dəfələrlə Ermənistanın bu kimi manevrləri olub. Yekun nəticədə isə həmin cəhdin arxasında hansı məqsədlər durduğu ortaya çıxıb. Elə yaxın günlərdə sərhəddə Ermənistan tərəfinin atəşkəsi dəfələrlə pozması da bunun bariz nümunəsidir.

Çıxışı zamanı Mirzoyan ölkəsinin sülh gündəliyinə sadiqliyini və Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduqlarını xüsusi vurğulayaraq 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsi əsasında demarkasiya prosesini davam etdirmək planlarınıda qeyd edib.

Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb. Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan isə iyunun 4-də bildirmişdi ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib. Bir qədər əvvəl isə aprelin 8-də İrəvan sülh müqaviləsi ilə bağlı rəsmi Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərmişdi. Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərmişdi. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır. Ararat Mirzoyan Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin bərpasına da münasibət bildirib. Onun sözlərinə görə Ermənistan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə və sərhədləri açmağa hazırdır. Bəs onda Ermənistan nəyi gözləyir?!

Ramidə YAQUBQIZI,

"Respublika".