VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

23 iyun

  • Azərbaycanda dövlət qulluqçularının peşə bayramı qeyd olunub.

24 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.
  • Azad olunan ərazilərdə iyunun 17-23-də 108 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 204 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

25 iyun

  • Azərbaycan Prezidenti İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti xanım Nataşa Pirts Musaraya təbrik məktubu ünvanlayıb.
  • Şəhid Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

26 iyun

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilib, Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.

Azərbaycanla İtaliya arasında genişlənən əlaqələrdə yeni səhifə açılır

Silahlı Qüvvələr Günü - iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər. Təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd edib.

  • Qərbi Azərbaycan İcması Volker Türkün 2023-cü ilin sentyabrında baş vermiş hadisələrə dair qərəzli fikirlərinin təəssüf doğurduğunu bildirib.

27 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

28 iyun

  • Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynı qəbul edib.

ABŞ yenidən vasitəçilik arzusunda

İyunun 28-də Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycana səfər edib, ölkə başçısı İlham Əliyevlə görüşüb. O, Azərbaycana səfər etməzdən öncə müzakirə ediləcək məsələlərin anonsunu da verib. Amerikalı diplomat Bakıda ikitərəfli münasibətlərə və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə dəstək bildirəcəyini də açıqlayıb. Görüşün detalları barədə mediaya verilən açıqlamalar onu deməyə əsas verir ki, Vaşinqton təmsilçisi qovluğunda sülhlə bağlı məsələləri gətirib. ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayan Ceyms O'Brayn ölkəsinin vasitəçi olmaq niyyətini bildirib.

ABŞ rəsmisinin Azərbaycana səfəri İrəvanda aparılan sülh danışıqlarnın Bakıda müzakirə edərək ölkəmizi həm məlumatlandırmaq, həm də sülh prosesinin gedişinə öz töhfəsini verməkdən ibarətdir. Bu kontekstdə kommunikasiyaların açılması ilə bağlı məsələnin ətrafında xüsusi danışıqların aparılacağını demək olar.

Hazırda yekun sülh müqaviləsinin imzalanması üçün tarixi fürsət formalaşsa da, prosesin irəliləməsində bir sıra problemlər mövcuddur. Belə ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməməsi, nəqliyyat xətlərinin blokadadan çıxarılmaması müddətin uzanmasına səbəb olur. Amma burada bir maraqlı məqam var. O'Brayn bundan öncə Ermənistanda səfərdə idi. Bir neçə gün davam edən təmaslarda o, ölkəsinin rəsmi İrəvanla strateji müttəfiqlikdə maraqlı olduğunu bəyan edib, tərəfdaşlıq üzrə komissiyanın yaradılması üçün göstəriş verib.

  • Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Növbədənkənar parlament seçkiləri yeni dönəmin başlanğıcı olacaq

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub. Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

  • Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

29 iyun

  • Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Respublika”.