Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir
Siyasət

Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir

Daimi mina təhlükəsi Azərbaycanın tərəqqisinə mane olur. Ermənistan isə hələ də minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina edir. Bununla belə, Azərbaycan bu təhlükəyə qarşı savaşı davam etdirir. Hökumətimiz minalardan təmizləmə əməliyyatları üçün vacib olan resurslarının əldə olunması istiqamətində mövcud imkanlardan istifadə edir. Azərbaycan hamı üçün daha təhlükəsiz gələcəyi təmin etməyə, minalardan azad bir dünya yaratmağa çalışır.

BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində iyunun 27-də "Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın, Xorvatiyanın, Mozambikin, Panamanın diplomatik nümayəndələri, həmçinin beynəlxalq qurumların rəhbərləri yerüstü minaların fəsadlarının aradan qaldırılması və insan haqları üzrə BMT-nin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının qorunmasında istifadəsi mövzusunda keçirilən panel müzakirələrdə çıxış ediblər. "Minalar və təmiz ətraf mühit hüququ" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib ki, minalar təkcə bilavasitə qurbanlarına deyil, bütün insanlığın haqqı olan təmiz ətraf mühitə dağıdıcı təsir göstərir.

Səfir konkret nümunələrlə minaların torpağın eroziyasına, su mənbələrinin çirklənməsinə səbəb olduğunu və biomüxtəlifliyi məhv etdiyini bildirib. Təmiz ekologiyanın xüsusi aktuallıq kəsb etdiyi bir vaxtda BMT-nin İnsan Haqları Şurasında bu istiqamətdə dəqiq addımlar atılmasının vacibliyi qeyd olunub: "Məhz burada - Cenevrədə həm insan haqları, həm silahsızlaşdırma, həm də humanitar dəstək üzrə BMT strukturlarının və digər beynəlxalq qurumların fəaliyyət mərkəzləri yerləşir. Ona görə də İnsan Haqları Şurası bu fürsətdən istifadə edərək mina qurbanlarının xüsusi həssas kateqoriya kimi tanınması, onların hüquqlarının bərpa və təmin olunması üzrə konkret addımlar atmalıdır", - deyən azərbaycanlı diplomat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə 2 milyona yaxın minanın təmizlənməsi on illər və milyardlarla dollar vəsait tələb edir. E.İskəndərov Azərbaycanın mina ilə çirklənmənin necə ağır nəticələr verdiyini yaxşı bildiyini vurğulayıb: "Azərbaycan BMT İnsan Haqları Şurasına bu sahədə hərtərəfli dəstək, mina qurbanlarının hüquqlarının bərpasına töhfəsini verməyə hazırdır".

Minalar həqiqətən də bir çox münaqişə zonalarında, o cümlədən Azərbaycanda davamlı və təhlükəli problemdir. Onunla mübarizəyə əl ilə minatəmizləmə, minaaxtaran itlər və torpağın altqatına nüfuz edən qabaqcıl texnologiya cəlb edilir. Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu əməliyyatlarda əsas rol oynayır. Minalar iqtisadi inkişafa və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Minatəmizləmə çətin və vəsait tələb edən bir prosesdir. Məsələnin ictimailəşdirilməsi minalardan istifadə tədbirləri üçün beynəlxalq dəstək və maliyyə dəstəyi toplanması, həmçinin minaların humanitar təsirləri haqqında məlumatlılığın əldə edilməsi üçün çox vacibdir. Azərbaycan minatəmizləmə imkanlarını genişləndirmək üçün beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə əməkdaşlıq edir. Buraya təlim, maliyyələşdirmə, texnoloji dəstək daxildir. Mina probleminin effektiv şəkildə həll olunması, təsirə məruz qalmış insanların təhlükəsizliyinin, rifahının təmin olunması üçün daha fəal olmaq vacibdir.

Azərbaycan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) xətti ilə 2026-cı il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu, qlobal miqyasda ətraf mühit baxımından ən vacib tədbirlərdən olacaq. Minalar da ətraf mühit üçün ən ciddi təhlükələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ekoloji mühitin qorunması istiqamətində ciddi işlər görür, tədbirlər həyata keçirilir. "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, eləcə də COP29-un Bakıda keçirilməsi də bu kimi tədbirlərdəndir. Ölkəmiz ətraf mühitin mühafizəsi istiqamətində bu qədər fəal çalışarkən beynəlxalq ictimaiyyət də Azərbaycana dəstək olmalı, Ermənistana xəritələrin verilməsi istiqamətində təyziq göstərməlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".