Təməli qoyulan Soltanlı kəndi yurda qayıdışın növbəti addımıdır
İqtisadiyyat

Təməli qoyulan Soltanlı kəndi yurda qayıdışın növbəti addımıdır

İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biri də dağıdılıb talan edilmiş ərazilərimizin bərpasıdır.

Azərbaycan öz iqtisadi gücü və daxili potensialı hesabına Ermənistanın xarabazara döndərdiyi yurd yerlərimizi də gülüstana çevirir. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında azadlığına qovuşan şəhərlərdə, kəndlərdə bütün sahələr üzrə tikinti-quruculuq işləri yüksək keyfiyyətlə həyata keçirilir. Əlbəttə ki, görülən işlər həm də ölkəmizin iqtisadi inkişafının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti-bərpa işləri beynəlxalq aləmin heyrətinə səbəb olmuşdur. Çünki dünyada baş verən heç bir müharibədən sonra hansısa ölkədə bu sürətlə quruculuq işləri aparılmayıb. Üstəlik də qalib ölkənin öz daxili imkanları hesabına. Cəmi 44 günə torpaqlarını düşmən qüvvələrdən azad edərək dünya savaş tarixində ilkə imza atan Azərbaycan bu sahədə də parlaq nümunə göstərir. Ölkəmizin sosial-iqtisadi inkişafı bütövlükdə Azərbaycanı, eyni zamanda da işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzuru tərəqqiyə doğru aparır.

Görülən irimiqyaslı tikinti-quruculuq işlərində dövlətin yalnız bir məqsədi var. Tezliklə keçmiş məcburi köçkünləri ata-baba torpaqlarına qaytarmaq. Ölkə başçısı mütəmadi olaraq bölgəyə səfərləri zamanı əhəmiyyətli layihələrlə yanaşı, yaşayış massivlərinin, kənd və şəhərlərin də bünövrəsini qoyur. Xain düşmən tərəfindən tamamilə dağıdılmış ərazilərimizə yeni həyat qayıdır. Azadlığına qovuşan Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Həmçinin insanların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün də hər cür şərait yaradılır. Belə yurd yerlərimizdən biri də Cəbrayıl rayonudur.

Sentyabr ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərinə səfəri zamanı Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi-Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdu. Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Rayon ərazisində yaşayış massivləri ilə yanaşı, digər iaşə obyektləri və tarixi abidələr də yenidən  tikilib-bərpa edilir. Bir çox tarix-memarlıq abidələri, o cümlədən Xudafərin körpüsü gələcəkdə şəhərin özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq, həm də rayonun turizm zonası kimi də tanınmasına imkanlar yaradacaq.

Cəbrayılın kəndlərinin də yenidən qurulub-abadlaşması istiqamətində mühüm addımlar atılır. Bu günlərdə Soltanlı kəndinin təməli qoyulub. Soltanlı kəndinin Baş Planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir.

Ümumi sahəsi 398,82 hektar və 6100 nəfərdən ibarət 1525 ailənin yaşayacağı ərazidə həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da inşa ediləcək. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış planına uyğun olaraq Soltanlı kəndinin də yenidən qurulması prosesi mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq kənddə 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev tikilib istifadəyə veriləcək. Eyni zamanda, kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Köçürülmə prosesindən sonra nəzərdə tutulan əsas məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırdabuynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələrin də istifadəyə verilməsi gözlənilir.

Ramidə YAQUBQIZI,

"Respublika".