Qlobal problemlərə
İqtisadiyyat

Qlobal problemlərə "yaşıl" baxış

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Avropa, İslam oyunları, "TEKNOFEST", "Formula 1" və idman üzrə dünya çempionatlarından sonra nəhayət, bu il BMT-nin ən böyük tədbirlərindən olan COP29 məhz odlar yurdunda baş tutacaq. İki həftə ərzində dünyanın ürəyi məhz paytaxt Bakıda döyünəcək. Qlobal miqyasda "yaşıl enerji"yə keçid mərhələsində Azərbaycan körpü rolu oynayır. Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi müddətində iqlim dəyişmələri mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət həyata keçirməyi prioritet seçib.

Bundan başqa, Azərbaycan neft-qaz istehsal edən ölkə kimi COP29-da digər dövlətlərə örnək ola bilər. Çünki respublikamızın ekoloji davamlılığa sadiqlik nümayiş etdirməsi bu tədbirin keçirilməsi üçün zəmin yaradır. Bunu öz nitqlərində Prezident İlham Əliyev də bildirir: "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək". Bu xüsusda COP29 ölkəmiz üçün olduqca böyük fürsətdir. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması qarşıya əsas məqsəd kimi qoyulub. Bundan başqa, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələr siyahısında ön sıralardadır. Rəsmilər bildirir ki, respublikamızın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu da odlar yurdunda bərpa olunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verildiyini göstərir.

Hazırda ölkəmiz qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün gərəkli addımlar atır. Lakin bu, təkbaşına ediləcək iş deyil. Buna görə də Azərbaycan bütün dövlətləri birgə fəaliyyətə çağırır. Sözsüz ki, qısa və ortamüddətli perspektivdə bərpa olunan enerji mənbələrinə tam keçid mümkün deyil. Ancaq innovasiyalar bu prosesi xeyli sürətləndirə və daha əlverişli edə bilər. Bu problemin həlli qlobal miqyasda bərpa olunan enerji mənbələrinə keçidi, həmçinin sənayedə ekoloji dayanıqlılığa uyğun texnologiyaların tətbiqini tələb edir. Bu dəyişiklikləri dəstəkləyən qanunvericilik maraqlı ölkələr arasında tərəqqinin müsbət stimullaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Odur ki, dövlət başçımız işğaldan azad edilmiş torpaqları "Yaşıl Enerji Zonası" elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Ölkəmizin COP29-a layiqli ev sahibi olacağı şübhə doğurmur. Davamlı olaraq mövzu ilə bağlı keçirilən konfranslarda da məhz tədbirin ən yüksək səviyyədə baş tutması üçün bütün işlər müzakirə edilir. Bu məqsədlə COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü məhz paytaxt Bakıda öz işinə başlayacaq. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan görüş "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" mövzusuna həsr olunub. Görüşdə beynəlxalq nümayəndələrlə yanaşı, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də iştirak edib. 

Bu kimi beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi COP29-a gedən yolda inkişafı qaçılmaz edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".