Türkiyə millisinin baş məşqçisi: Portuqaliyaya qarşı müdafiədə kompakt oynamalıyıq
İdman

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyaya qarşı müdafiədə kompakt oynamalıyıq

“Güclü tərəflərimizə diqqət yetirməli və təmkinli oynamalıyıq”.

"Respublika" xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avropa çempionatının qrup mərhələsinin II turunda Portuqaliya seçməsinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, müdafiədə diqqətli oynamaq lazımdır: “Rəqibin heyətində yaxşı hücumçular var. Buna görə də müdafiədə kompakt oynamalıyıq. Topa nəzarəti ələ keçirməliyik. Çünki rəqib topsuz qalanda çətinlik çəkir. Ən önəmlisi də qapımız qarşısında qol epizodlarının yaranmasına imkan verməməliyik. Hətta portuqaliyalı müdafiəçilərin də topla nələr edə biləcəyini yaxşı bilirik. Heç bir futbolçunu nəzarətsiz qoymaq olmaz”.

51 yaşlı çalışdırıcı Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin Türkiyə yığması haqqında dediyi fikirlərə də münasibət bildirib: “Rəqib məşqçi bizim komandanın bütün diqqətini hücuma yönəltdiyini söyləyib. Bu fikirdə olması məni sevindirdi”.