Pusquda gizlənən
Siyasət

Pusquda gizlənən "düşmən" məhv edilir

Müharibələrdən sonra geridə dağıntılar, tələfat, itkilər, insan qırğınları və bir də mənəvi ağrılar qalır. Həmin ağrıları unutmaq mümkün olmur, insanlara dəymiş mənəvi zərbələr, dərin kədər nəsildən-nəslə ötürülür.

30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan etnik nifrət zəminində şəhərləri, kəndləri xarabalığa çevirib, Qarabağ və Şərqi Zəngəzurda ekosid törədilib, əkinəyararlı torpaqlar, meşəliklər, çayların yataqları, yollar, salamat qalmış binalar, körpülər başdan-başa minalarla çirkləndirilib. İkinci Qarabağ müharibəsində düşmən döyüş meydanından yüz kilometrlərlə uzaqlıqda yerləşən yaşayış məntəqələrini raket atəşinə tutaraq dinc insanları, o cümlədən körpə uşaqları qətlə yetirdi. Döyüş meydanında qəhrəman oğullarımızın hünəri qarşısında tab gətirə bilməyən, qaçıb gizlənən hayların "məğlubedilməz" ordusunun gücü yalnız dinc insanlara çatdı.

Azərbaycan bir düşmənlə iki cəbhədə döyüşməyə məcbur olub. Müharibəni qələbə ilə başa vursaq da, düşmənin torpaqlarımıza basdırdığı minaları zərərsizləşdirmək üçün ciddi mübarizə aparılır. Ölümsaçan minaların təmizlənməsi üçün minaaxtaranlar əsl peşəkarlıq nümayiş etdirirlər. Üç ildən çoxdur ki, müharibə qurtarıb, tarixi qələbə qazanılıb, haqq, ədalət zəfər çalıb, torpaqlarımız işğalçılardan azad edilib, erməni ideoloqları tərəfindən süni yaradılan erməni mifi dağıdılıb, düşmənin hərbi və ideoloji dayaqları uçurulub, silahlı qüvvələri məğlubiyyətə uğradılıb, rəzil və alçaq erməni qəsbkarları çox ağır zərbə ilə əzilib, sındırılıb və kirli əşya kimi yerə çırpılıb. Döyüş meydanında uduzan Ermənistan zəbt etdiyi torpaqları başdan-başa minalayıb. Qeyd edək ki, minalar yer üzündə mövcud olan ən "çirkli" silah hesab edilir. Təxmini hesablamalara görə, erməni işğalçıları torpaqlarımıza bir milyondan çox mina basdırıb, bilərəkdən yurd yerlərimizi ölümsaçan qurğularla zəhərləyiblər.

Ermənistan Gümrüdəki zavodda mina istehsalını bu gün də davam etdirir. Şanlı Qələbədən sonra ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərin, kəndlərin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan əraziləri təmizləmək, həm də Böyük Qayıdışdan sonra insanların öz dədə-baba yurdlarında rahat və təhlükəsiz yaşamalarını təmin etmək ən ümdə vəzifə kimi qarşıda dayanır. Hazırda minaaxtaranlar, eyni zamanda ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirirlər.

BMT Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç bildirib ki, minalar insan həyatı üçün bilavasitə təhlükə törətməklə yanaşı, ətraf mühitə zərər vurur, böyük torpaq sahələrini yararsız hala gətirir, kənd təsərrüfatı sahəsində məhsuldarlığa mane olur və ekosistemləri pozur. Bu təhlükələri aradan qaldırmaq və torpağın tam, həyati potensialını bərpa etmək kimi əsas vəzifəmiz var. Bunun üçün siyasi iradə, texnoloji innovasiyalar, ictimaiyyətin iştirakı və beynəlxalq əməkdaşlığı birləşdirən kollektiv fəaliyyət və vahid yanaşma tələb olunur. Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan tərəfindən məqsədyönlü şəkildə yalnız hərbi təyinatlı deyil, müharibədən sonra Azərbaycanın bərpa və quruculuq işlərinə xələl gətirmək, onların sürətini azaltmaq və ləngitmək, həmçinin mülki Azərbaycan insanına qarşı maksimum xətər yetirmək məqsədilə minalardan geniş şəkildə istifadə edilib. Ermənistanın mina siyasətinə baxdıqda görürük ki, təkcə keçmiş təmas xətti boyunca deyil, içərilərdə, hər hansı təyinatı olmayan yerlərdə də minalanma olub. Qəbiristanlıqlara, evlərə, yaşayış məntəqələrinə gedən yolların, cığırların minalanması göstərir ki, məqsəd insanların öldürülməsidir.

Hərbi ekspertlərin qənaətinə görə, divarla, daşla, abidə ilə, insan həyatı ilə savaşan Ermənistandan revanşizmdən əl çəkməsini, üçtərəfli razılaşmanın öz xoşuna olaraq yerinə yetirilməsini də gözləmirik. Amma onlar üzərlərinə götürdükləri öhdəlikləri ya öz xoşlarına, ya da dəmir yumruq hesabına, zor gücünə yerinə yetirəcəklər. Qeyd edək ki, Birinci və İkinci Dünya müharibəsi zamanı su hövzələrinə böyük miqdarda mərmi, bomba, mina atılıb. Bu sursatların böyük hissəsi partlamadığı üçün dənizlərdə külək enerjisi qurğularının yerləşdirilməsini çətinləşdirir. Avropa mətbuatı xəbər verir ki, Baltik və Şimal dənizlərinin dibindəki partlamamış hərbi sursatların miqdarı 1,6 milyon tondan çoxdur. Fransa sahillərində isə vəziyyət daha ciddidir. İkinci Dünya müharibəsinin gedişatını dəyişən ikinci cəbhənin açılması burada baş verib. İndi isə dənizlərdə külək (bəzən də günəş) enerjisi qurğularının yerləşdirilməsi zamanı partlamamış hərbi sursatlar ciddi problem yaradır. Onların zərərsizləşdirilməsi isə çox böyük zəhmət, vaxt, texnologiya və maddi xərc tələb edir. Dənizin dibinin minalardan təmizlənməsi çox ləng getdiyi üçün külək enerjisi qurğularının istifadəyə verilməsi, daha geniş planda isə "yaşıl enerji"yə keçid ləngiyir. Qarabağ və Şərqi Zəngəzurda külək və günəş enerji stansiyalarının qurulmasına minalar ciddi maneə yaratsa da minaaxtaranlar bu ölümsaçan qurğuların təmizlənməsi üçün fədakarlıqla çalışırlar. Başqa bir misala nəzər salaq. Yuqoslaviyanın dağılmasından sonra ərazi bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada ərazilərin minalardan təmizlənməsi üçün 20 il vaxt lazım gəlib, Mozambikdə analoji iş 23 ilə görülüb. Ukraynalı hərbi ekspert Mixail Jiroxova görə isə "minalardan təmizləmə işinə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur. "Bu qayda İkinci Qarabağ müharibəsinə tətbiq olunsa, onda son hərbi əməliyyatların getdiyi ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi müddəti xeyli çəkə bilər. Azərbaycanda isə işğal 30 il çəkib. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Öz gücü ilə torpaqlarını minalardan təmizləyən Azərbaycan tək qalmadı, qardaş Türkiyə öz köməyini dərhal göstərdi. Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb. Bu ilin fevralında isə Türkiyə Azərbaycana 20 ədəd mina təmizləyən "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) maşını ixrac edib. May ayında isə Türkiyə Azərbaycana "MEMATT" markalı daha 5 mexaniki minatəmizləmə texnikası göndərib. Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib və Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi təlimləri keçib. Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun sözlərinə görə, bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış baş verərsə, insan faktoru kənarda qalır.

Mayın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə Azərbaycanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri olub. Beynəlxalq konfransın mövzusu "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması"dır. Konfransın birinci günü Zəngilan şəhərində, ikinci günü isə Bakı şəhərində keçirilib. Konfransda Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi üçün müzakirələr aparılıb. Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda qeyd olunur ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər, ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır.

Qeyd edək ki, müharibənin başa çatmasından ötən müddət ərzində əksəriyyəti mülki olan 361 vətəndaş mina qurbanı olub, onlardan 68-i həyatını itirib, 293-ü isə ağır yaralanıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaş minalardan zərər çəkib, onlardan 358 nəfəri uşaq, 38-i isə qadındır. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbi Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Rəsmi məlumata görə, bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Azərbaycanda ötən ildən qadın minatəmizləyən qrupları da fəaliyyətə başlayıb. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir. Ermənistanın mina terroru ABŞ və digər Qərb ölkələrini əsla narahat etmir, əksinə düşmən ölkə hər vəchlə müdafiə olunur, revanşist şüarlar, çıxışlar İrəvan küçələrində tez-tez eşidilir. Sözsüz ki, Azərbaycan ərazilərinin minalardan təmizlənməsini də uğurla başa çatdıracaq. Hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarını minalarla çirkləndirən və dinc insanların ölümünə səbəb olan Ermənistan beynəlxalq təşkilatlar tərəfindən ciddi qınanmalı, düşmən ölkə cəzalandırılmalıdır.

Salman ALIOĞLU,

"Respublika".