Azərbaycan-Çin ədəbi əlaqələri inkişaf edir
Mədəniyyət

Azərbaycan-Çin ədəbi əlaqələri inkişaf edir

İyunun 21-də Azərbaycan nümayəndə heyətinin Çin tərəfi ilə Pekin Dil və Mədəniyyət Universitetində toplantısı baş tutub.

Görüş zamanı Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən hər iki ölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırki vəziyyət, görüləcək işlər müzakirə olunub.

Milli Mətbuat və Yayım Administrasiyasının birinci dərəcəli müfəttişi, Mərkəzi Komitənin Təbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəmini vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisidə Azərbaycanın iştirakının təşkili ilə bağlı göstərilən dəstəyə görə təşəkkür ifadə edib. Çin tərəfinə tərcümə layihəsinin hazırki vəziyyəti ilə bağlı məlumat verilib. Çin tərəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatının iştirak edəcəyini bildirib.

Görüş Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxının nümayişi ilə yekunlaşıb.

“Respublika”.