Ölkəmizdə ilk dəfə Beynəlxalq Qurama Festivalı
Mədəniyyət

Ölkəmizdə ilk dəfə Beynəlxalq Qurama Festivalı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Qurama Festivalına start verilib. Festivalın açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş tutub.

Bu barədə verilən məlumata görə, 22 iyun tarixinədək davam edəcək festivalın açılışında dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak ediblər.

Tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin üzvü və Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yansıdan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıblar. Bildirilib ki, unudulmaq təhlükəsi yaşayan quramanın təbliğinə xidmət edən festivalın Bakı ilə yanaşı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərini də əhatə edəcəyi nəzərdə tutulur.

M.MUSTAFAYEV,

"Respublika".