Dövlət bayrağı milli dəyərimiz, şərəfimizdir
Tarix

Dövlət bayrağı milli dəyərimiz, şərəfimizdir

Bayraq qüdrətli dövlətin varlığının, onun mövcudluğunun nişanəsidir. Müstəqil dövlətçiliyimizin rəmzi kimi əhəmiyyət kəsb edən üçrəngli bayrağımız daim ucalarda tutulur. Təsadüfi deyil ki, dövlət başçılarının bayraq qarşısında and içib xalqına, vətənə sadiq qalacaqlarına söz verməsi onun ali atributlardan biri olduğunu sübut edir. Bununla yanaşı, himnimizdə də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, daim ucalmaq amalı arzulanır. Bayraq milli ləyaqət simvoludur. Onu baş üzərində daşımaq bir şərəf borcudur.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır” M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cümhuriyyət” olacağını hələ 1917-ci ildə “Açıq söz” qəzetində eyni adlı məqalədə yazırdı: “Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cümhuriyyəti )”. Məhz bu azadlığımızın göstəricisi, əzmimizin nişanəsi kimi bayrağımızın müqəddəsliyini, dərin tarixi köklərə sahibliyini sübut edir.

Üstündə ay-ulduz nişanı olan Dövlət Bayrağımızın rənglərinin məzmununda xalqımızın milli ideologiyası və mənliyi öz ifadəsini tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlığı və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasını ifadə edir. Müsəlman Şərqindəki ilk demokratik dövlət olan Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında dalğalandırılmışdır. Dövlət bayrağı haqqında ilk qərar isə 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədə fəaliyyət göstərərkən verilmişdir. 1918-ci ildə Bakı işğaldan azad edildikdən sonra hökumət Gəncədən paytaxta köçmüş və bir neçə mühüm qərar vermişdir. Onlardan biri də 1918-ci il noyabrın 9-da imzalanan Dövlət bayrağı haqqında qərar idi. 1920-ci il aprel işğalından sonra cümhuriyyətin özü kimi rəmzləri də ləğv edilmişdir. Lakin üçrəngli bayrağımız bir də düz 70 il sonra yüksəklərə ucaldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə bayrağımız yenidən qaldırıldı. Ümummilli lider deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Prezident cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda ovaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”. Qeyd edək ki, məhz 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

Prezident İlham Əliyevin liderliyi ilə bu gün milli-mənəvi dəyərlərə dövlət atributlarının əlamətdarlığına xüsusi diqqət ayrılır. Ölkə başçımızın milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikası Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bununla yanaşı, Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin yaradılması ölkə başçısının dövlət bayrağımıza nə qədər böyük önəm verdiyini bir daha sübut edir. 2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu, dünyada ən hündür bayraq dayağıdır.

44 günlük Vətən müharibəsində xalqımızın igid oğulları üçrəngli bayrağımızı azad edilən torpaqlara qürurla sancaraq illərdən bəri həsrətlə gözlədiyimiz sevinci bizə yaşatdılar. Qürurumuzun, Qələbəmizin, sevincimizin nişanı kimi bayrağımızın mavi səmada dalğalanmasından güclü heç nə ola bilməz. Məhz müzəffər ordumuzun əsgərləri torpaqlarımızı geri qaytarmaq arzusu ilə döyüşərək bayrağımızı ən uca zirvələrə sancdılar. Eləcə də hər bir soydaşımız Azərbaycan bayrağının mahiyyət və əzəmətini dərindən dərk edərək, onun yüksəklikdə dalğalanması yolunda həmişə hazır olmağı unutmamalıdır, bu müstəqilliyin qədrini bilməlidir. Bu gün bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında, bütöv Qarabağda dalğalanır və əbədi dalğalanacaqdır. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir.

Nurlan ABDALOV,

“Respublika”.