“Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri”
Mədəniyyət

“Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri”

İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb. Tədbirdə Xalq rəssamı Salhab Məmmədov, Vəcihə Səmədovanın nəvəsi Aqşin Mirfeyzullazadə çıxış ediblər. Onlar görkəmli rəssamın yaradıcılığının milli təsviri sənətdə tutduğu mühüm mövqedən və bu sərginin Azərbaycan incəsənəti üçün daşıdığı vacib əhəmiyyətdən danışıblar.

Mədəniyyət Nazirliyi və Azərbyacan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın əsasən Azərbaycan Milli İncəsənət Muzeyi və eləcə də, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alıb.

Sərgidə Azərbaycan təbiətini canlandıran “Kür sahilində”, Bolqarıstana həsr olunmuş kompozisiyalar, “İmtahandan qabaq”, “Xəbər gözləyərkən” kimi tematik tablolar, portret əsərləri nümayiş olunur.

Sərgi 25 noyabr 2024-cü il tarixinədək davam edəcək.

"Respublika".