DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

MOLDOVA PREZİDENTİ Aİ-YƏ ÜZVLÜKLƏ BAĞLI FƏRMAN İMZALAYIB

Moldova prezidenti Maya Sandu ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanması üçün iyunun 21-də fərman imzalayıb. Ölkənin "MoldPres" dövlət agentliyinin xəbərinə görə, Moldova baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova danışıqların əsas məsul şəxsi təyin edilib.

Maya Sandunun sözlərinə görə, Moldova Respublikası Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Prezident vurğulayıb ki, Moldova namizəd ölkə statusunu aldıqdan iki il sonra, iyunun 25-də ilk hökumətlərarası konfrans keçiriləcək və bu konfransla üzvlük danışıqlarına rəsmən start veriləcək.

Qeyd edək ki, Avropa İttifaqı Moldovanın və Ukraynanın üzvlük danışıqlarına başlayır. İyunun 25-də Belçikanın Aİ-yə sədrliyi iki ölkə ilə ilk hökumətlərarası konfranslar keçirəcək.

Xatırladaq ki, Aİ Şurası 2023-cü il dekabrın 14-də keçirilən sammitdə Moldova Respublikası və Ukrayna ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edib. Qərar hər iki ölkə Aİ-yə üzvlük üçün müraciət etdikdən və iki il əvvəl namizəd ölkə statusunu aldıqdan sonra qəbul edilib.

TÜRKİYƏ SƏRHƏDDƏ XÜSUSİ TƏHLÜKƏSİZLİK BÖLGƏSİ YARADIR

Türkiyə İraq və Suriya ilə sərhəddə yerləşən Şırnak vilayətində xüsusi təhlükəsizlik bölgəsi elan edir. Türkiyənin"Akşam" qəzetinin verdiyi xəbərə görə, bu barədə Şırnak valiliyinin açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunub ki, Qabar dağı, Cudi dağı və Altındağları ərazilərində müvəqqəti olaraq xüsusi təhlükəsizlik bölgəsi yaradılır.

Eyni zamanda, verilən xəbərə görə, sözügedən qərar iyunun 24-dən 30-na qədər qüvvədə olacaq. Həmçinin məlumata əsasən, insanların həmin ərazilərə daxil olması qadağan ediləcək.

Bununla yanaşı, nəşr vurğulayıb ki, xüsusi təhlükəsizlik bölgəsinin elan olunmasına səbəb kimi təhlükəsizlik tədbirləri və asayişin qorunması göstərilir.

VENESUELA TEZLİKLƏ “BRİKS”Ə QOŞULA BİLƏR

Venesuela "BRIKS"ə qoşulmaq ərəfəsindədir və bloku öz enerji və mineral ehtiyatları ilə təmin edəcək. "Report" agentliyinin məlumatına görə, bunu respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqes Karakasda keçirilən beynəlxalq iqtisadi seminarda "Venezolana de Television" telekanalının efirində çıxışı zamanı bəyan edib.

Məlumata əsasən, xanım siyasətçi dünyanın ən böyük enerji ehtiyatlarının Venesuelada olduğunu vurğulayıb. Vitse-prezident qeyd edib ki, gündə 3 milyon barrel neft hasil edilməklə, ölkənin ehtiyatları təxminən üç əsr davam edəcək və dünyanın dördüncü ən böyük təbii qaz yataqları hazırda sertifikatlaşdırma mərhələsindədir.

Delsi Rodriqes həmçinin əlavə edib ki, ölkədə dəmir filizi, kömür, qızıl və almaz yataqları da mövcuddur.

"Yeni beynəlxalq nizamın qurulmasının artıq vaxtı çatıb və biz Venesuelanın yeni geosiyasətə necə uyğunlaşacağını görmək niyyətindəyik", - deyə Delsi Rodriqes əlavə edib.

HİNDİSTANDA VƏ MEKSİKADA KƏSKİN İSTİLƏR SƏBƏBİNDƏN ÖLƏNLƏRİN SAYI ARTIB

Hindistanın paytaxtı Yeni Dehlidə 9 gündə 192 nəfər həddindən artıq isti hava şəraiti səbəbindən həyatını itirib. "İndia Today" qəzetinin məlumatına görə, bu barədə "Centre for Holistic Development" qeyri-hökumət təşkilatı 11-19 iyun tarixləri arasında həddindən artıq istilər nəticəsində ölən evsiz insanlar haqqında hesabat dərc edib.

Mütəxəssislərin açıqlamasına görə, havanın çirklənməsi, sürətli sənayeləşmə, şəhərləşmə və meşələrin qırılması temperaturun yüksəlməsinə səbəb olub.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü il martın 1-dən iyunun 18-dək ölkə daxilində kəskin istilərdən 40 mindən çox insanda günvurma faktı qeydə alınıb.

Eyni zamanda, xəbər verilir ki, Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı artıq 155 nəfərə yüksəlib. Təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər dünyasını dəyişib. Həmin dövr ərzində günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfər müraciət edib.

YAPONİYA VƏ CƏNUBİ KOREYA RUSİYA VƏ KXDR-Ə QARŞI

Yaponiya və Cənubi Koreyanın maliyyə nazirlikləri arasında iyunun 25-də keçiriləcək görüşdə Rusiya və Şimali Koreyaya (KXDR) qarşı sanksiyalar müzakirə olunacaq. "TRT" telekanalının "Kyodo" agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında bəyan edib.

"Tərəflər iqtisadi və maliyyə sahəsindəki aktual məsələləri, həmçinin Rusiya və Şimali Koreyaya qarşı sanksiyaları müzakirə edəcəklər. Mövzulardan biri də regionda və iki ölkə arasında iqtisadi əməkdaşlıq olacaq", - deyə maliyyə naziri vurğulayıb.

Eyni zamanda nazirin sözlərinə görə, Yaponiya və Cənubi Koreya rəsmi Moskva və Pxenyan arasında iyunun 19-da imzalanan saziş fonunda maliyyə axınının bu ölkələrə daxil olmasının qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparacaqlar. Verilən xəbərə görə, görüş Yaponiya və Cənubi Koreya arasında 2006-cı ildən davam edən maliyyə dialoqu çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Şimali Koreya və Rusiya hər iki ölkənin başçıları arasında aparılan danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq üzrə saziş də daxil olmaqla bir sıra müqavilələr imzalayıb.

Aİ GÜRCÜSTANA QARŞI BİR SIRA QADAĞALARI NƏZƏRDƏN KEÇİRƏCƏK

Avropa İttifaqı (Aİ) Gürcüstanda "xarici agentlər" haqqında qəbul olunan qanun layihəsi səbəbindən hər iki tərəfdən yüksək vəzifəli şəxslərin səfərlərinə qadağa qoyulmasını nəzərdən keçirəcək. "Euractiv" portalının xəbərinə görə, qurum bununla bağlı xüsusi təkliflərin yer aldığı sənədi ictimailəşdirib.

Açıqlamaya əsasən, sənəddə bildirilir ki, yüksək səviyyəli rəsmilərin səfərlərinin ləğvi ilə yanaşı, qurum müxtəlif platformalarda ikitərəfli görüş, müzakirə, eləcə də assosiativ saziş çərçivəsində nəzərdə tutulan birgə tədbirlərin keçirilməsini, hökumətin təqdim etdiyi layihələrin maliyyələşdirilməsini, habelə imzalanması gözlənilən sənədlər üzrə hüquqi prosedurları dayandırmağı da planlaşdırır.

Bununla yanaşı, Gürcüstanın bir sıra rəsmi şəxslərinə qarşı məhdudiyyətlərin tətbiqinin də gündəmdə olduğu bildirilir.

Məlumat üçün qeyd edək ki, yuxarıda bəhs olunan tədbirlər quruma üzv ölkələrin xarici işlər nazirlərinin iyunun 24-də keçiriləcək görüşü zamanı müzakirəyə çıxarılacaq.

BÖYÜK BRİTANİYANIN DÖVLƏT BORCU KRİTİK HƏDDƏ ÇATIB

Böyük Britaniyanın dövlət borcu may ayının sonunda 2,74 trilyon funt-sterlinq və ya Ümumi Daxili Məhsulun (ÜDM) 99,8 faizini təşkil edib. "Report" agentliyinin xəbərinə görə, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, bu, ölkə üçün son 63 ilin rekord göstəricisidir.

Böyük Britaniyanın borcunun ÜDM-ə nisbəti sonuncu dəfə 1961-ci ildə 100 faizinə yaxın olub. O zaman bu göstərici 99,4 faiz təşkil edib. Ötən ilin mayında isə ölkənin dövlət borcu ÜDM-in 96,1 faizinə yüksəlib.

"Növbəti maliyyə nazirini maliyyə "pandora qutusu" gözləyir. Faiz dərəcələri yüksək qalacaq, borcun azaldılması çətinləşəcək, xərc təzyiqləri isə artmaqda davam edəcək", - deyə KPMG konsaltinq şirkətinin Böyük Britaniya bölməsinin baş iqtisadçısı Maykl Stelmax bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.