“CELT Colleges
Müsahibələr

“CELT Colleges" Qarabağda “ağıllı məktəb" reallaşdırmaq niyyətindədir

- Tarixən belə formalaşıb ki, yerli və xarici təhsil sistemləri akademik proses olsa da, təhsil müəssisələrində vəziyyət fərqlidir. "CELT Colleges"in Azərbaycanda missiyası nədən ibarətdir?

- Biz 20 il əvvəl fəaliyyətə başlamışıq, o zaman çox sayda gənc ingilis dilində danışmaq istəyirdi, lakin bunun üçün müvafiq şərait yox idi. 2000-ci illərdə kiminsə ingilis dilində danışmasına bir möcüzə kimi baxır, onu dünyagörüşü geniş olan şəxs hesab edirdilər. "Əsrin müqaviləsi"nin imzalanması ilə bu dilin öyrənilməsi prioritetə çevrildi. Ən iri şirkətlər "BP AMOCO", "McDermott" idi. İş yerləri məhdud sayda olduğu üçün hər kəs işə düzəltmək üçün ingilis dilini öyrənməyə çalışırdı. Çünki həmin vaxtlar mütəxəssis çatışmazlığı var idi. O dövrdə neft şirkətləri ilə bərabər ölkəyə dil məktəbləri də gəldi. Həmin şirkətlərin rəhbərləri və mütəxəssisləri ingilislər idi. Amma bu, yaxşı nəticə vermədi, çünki onlar ABŞ və İngiltərədə olan tədris proqramını burada tətbiq etmək istəyirdilər. Dərs vaxtı məhdud olduğundan sinifdəki 10 şagirdin hər birinə orta hesabla cəmi 4 dəqiqə vaxt ayırmaq olurdu. 2000-ci ildə fəaliyyətə başlayanda qərara gəldik ki, hər sinifdə 2-3 nəfərdən çox şagird olmasın. 2010-cu ildə həmin şirkətlər ölkədən getdilər.

MDB məkanında təhsilin keyfiyyətinə görə öncül şirkətlərdənik. Xaricdə təhsil təklif edən şirkətlərin sayı gündən-günə artır. Eyni zamanda dil kursları çox sayda gənci cəlb edir. Çox istərdim ki, Elm və Təhsil Nazirliyi tərəfindən dil kurslarının müəllimləri üçün sertifikasiya imtahanı təşkil olunsun. Söhbət gənclərdən, gələcəyimizdən gedirsə, o zaman iş imtahanın nəticələrinə əsasən qurulmalıdır.

- Özəl məktəblərdə övladlarının təhsil almasını istəyən valideynlərin sayı artır. Bununla bağlı nə düşünürsünüz?

- Gəlin özəl məktəblərin fəaliyyətinə nəzər yetirək. Həmin təhsil müəssisələrinin illik təhsil haqları çox yüksəkdir. Nəticədə, həmin məktəblərin məzunları dünyanın TOP-20 universitetinə qəbul olmalıdırlar. Çünki yüksək təhsilin əsl göstəricisi məhz budur. Əfsuslar olsun ki, bu, belə deyil. Məktəblə bərabər həmin məzunlar yenidən hazırlığa getmək məcburiyyətində qalırlar. Əgər dövlət məktəblərinin monitorinqi aparılırsa, o zaman özəl məktəblərin də monitorinq sistemi işə salınmalıdır.

- Məktəblərdə müəyyən davranış, geyim qaydalarının tətbiqi tədris prosesinə necə təsir edir?

- Əvvəl düşünürdüm ki, uşaqlar məktəbə nə istəsələr geyinə, istədikləri kimi sərbəst davrana bilərlər. Lakin son illər xarici dövlətlərdə təhsil ilə bağlı konfrans və sərgilərdə iştirak edirəm. Avropa ölkələrində fəaliyyət göstərən "publik" məktəblərdə problemli ailələrdən olan uşaqların sayı çoxdur. Elit təbəqədən olan uşaqların oxuduğu məktəblər də var. Orada şagirdlərin geyim formalarına xüsusi önəm verilir. Misal üçün, İngiltərədə bizim məktəblərin 1985-1986-cı illərdəki qaydalarını görürəm. Həmin məktəblərdə etiket qaydalarına çox ciddi riayət olunur. Onların təhsil sistemi ilə bizim təhsil sistemi arasında oxşar cəhətlər var.

Əgər şagird həqiqətən dünya reytinqində TOP-10 universitetə daxil olmaq əzmindədirsə, o zaman bu, möhtəşəm nəticədir. Lakin qeyd edim ki, Azərbaycandan həmin universitetlərə qəbul olmaq şansı 1 faizə belə çatmır. Şagirdlərin Qarabağ Universitetində oxumaq şansını dəyərləndirmələri günün tələbidir. Orada təhsil yüksək səviyyədə qurulacaq, tələbə sayı az olacaq. Bu mənada hər cəhətdən üstünlüklər çoxdur.

- Qarabağda CELT-in filialını açmağı planlaşdırırsınızmı?

- Bəli, "ağıllı məktəb" layihəmiz var, hansı ki, biz bunu ya Şuşada ya da Ağdamda reallaşdırmağı düşünürük.

Bakalavr diplomu təhsilin markasıdır. Təhsil aldığınız universitetin reytinqi nə qədər yüksək olarsa, bitirdiyiniz ixtisas üzrə iş yeri axtaranda bir o qədər yüksək əməkhaqqı təklifi almaq şansınız var. Əsas məsələ düzgün ixtisas seçimidir.

- CELT-in istifadə etdiyi nəşrlər digər kursların kitablarından fərqlidir. Onlar kimlər tərəfindən tərtib olunur?

- Dərs vəsaitləri Kembric Universitetinin "Publish Departament" tərəfindən hazırlanıb. Orada bizim sifarişimizlə Azərbaycana aid çox sayda məlumatlar öz əksini tapıb. Azərbaycanın alimləri, idmançıları, kulinariyası, kosmos nailiyyətləri barədə məlumatlar daxil edilib. Həmin dərsliklərə kitab mağazalarında rast gəlmək mümkün deyil. Həm də tətbiq etdiyimiz imtahan sistemi belə süni intellektin yardımı ilə hazırlanıb. Bunun sayəsində tələbənin hansısa materialı internetdən köçürmək şansı sıfra bərabərdir.

- Hansı ölkədə təhsil almaq məsləhətdir?

- ABŞ, Böyük Britaniya, İtaliya, Kanada, Almaniya, İspaniya, Danimarka, Avstraliya, Sinqapurda. Bəzi Avropa ölkələrində ali məktəblərdə təhsil haqqı yoxdur, orada yalnız yaşam xərcləri tələbə tərəfindən ödənilir.

- Gənclər daha çox hansı ixtisaslara maraq göstərirlər?

- Bu gün əksər valideynlər övladlarının kompüter mühəndisi olmalarını arzu edirlər. 2012-ci ildə isə əksəriyyət hüquq, beynəlxalq münasibətlər, tibb ixtisaslarına daha çox maraq göstərirdi. Xaricdə təhsil alıb daha sonra digər vəzifələrdə işləyənlərin sayı da az deyil.

- Xaricdə təhsil üzrə Dövlət Proqramında magistr pilləsində təhsilə ayrılan yerlərin sayı kifayət qədər çoxdur. Bakalavr üçün az yer müəyyən edilib. Ekspert olaraq, bunun səbəbini nə ilə izah edərdiniz?

- İlk Dövlət Proqramının icrasına 2007-ci ildə başlanılıb və 2015-ci ilə kimi davam edib. Həmin dövrdə hökumət tələbələri bütün təhsil haqları və yaşayış xərclərini ödəyirdi. Əsas hədəf bu idi ki, savadlı gənclər Azərbaycana qayıtsınlar.

Magistr üçün 1, bakalavr üçün isə 3 il vaxt verilir, yəni maliyyə nöqteyi-nəzərindən belə qərar qəbul olunub. Reytinqə daxil olan universitetlərə təhsil alanlar üçün əlbəttə ki, dövlət tərəfindən təqaüd almaq asandır.

Türkiyədə də 3-4 ay ərzində CELT-in mərkəzini açacağıq.

-           Müsahibə üçün sağ olun, sizə uğurlar arzulayırıq.

Hazırladı:

Aygün İBRAHİMOVA,

"Respublika".