Bayraq mənliyimdir, bayraq kimliyim...
Siyasət

Bayraq mənliyimdir, bayraq kimliyim...

Azərbaycan! Zamanın sərt sınaqlarına tuş gələn, didim-didim parçalanan, torpağında qarı düşmənlərin at oynatdıqları, misli görünməmiş vəhşiliklərlə üz-üzə qalan məmləkət. Bu günədək böyük itkilərə məruz qalsa belə, bəşər tarixində Şərq intibahı kontekstində iki dəfə - XII və XX əsrlərdə intibah dövrü yaşayan, bir əsrdə iki dəfə müstəqilliyinə qovuşan Azərbaycan. Müstəqil, tam suveren, dünyaya günəş kimi doğan, üçrəngli bayrağı başımız üstündə dalğalanan, bu bayrağıyla məsud yaşayan Vətənim...

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin il iyun ayının 21-də hökumət qərar qəbul etdi. Həmin qərarda deyilirdi: "Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin". Bir qədər sonra dövlət bayrağının dəyişdirilməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin yeni bayrağı haqqında qərar qəbul olundu:

"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 1918-ci il tarixli çıxarışı: Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin".

ABŞ veksiloqu Uitni Smit qeyd edirdi ki, Azərbaycanın Dövlət bayrağının müəllifi Əli bəy Hüseynzadədir. Belə ki, hələ 1907-ci il iyul ayının 10-da nəşrə başlayan "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalında Əli bəy Hüseynzadənin məqalələrinin birində "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikir barədə sonradan böyük mütəfəkkir Ziya Göyalp yazırdı: "Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır".

Dahi Üzeyir Hacıbəyov isə milli bayrağımızdakı rənglərlə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində yazırdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".

Əli bəy Hüseynzadə Azərbaycanda fəaliyyətə başladığı ilk gündən, redaktoru olduğu "Həyat" qəzetinin "Məsləkimiz" adlı proqram məqaləsində maarifin dərhal "türkləşmək, islamlaşmaq, avropalaşmaq" istiqamətində tərəqqisini ortaya qoymuşdu. Bir mütəfəkkir kimi milli şüurun təşəkkülündə, formalaşmasında bu "üçlü qayə"nin rolunu açıqlayaraq yazırdı ki, məsləkimiz bunu tələb edir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən dövlət bayrağı elan etmişdir. Sonralar ulu öndər bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə dəfə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Bu gün respublikamızın dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binalarının üzərində ucalan, mühüm beynəlxalq tədbirlər, mötəbər toplantılarla yanaşı, mədəni tədbirlərdə, idman yarışlarında göylərə qaldırılaraq dalğalanan dövlət bayrağı milli birliyimizi təcəssüm etdirir. Dövlət bayrağı həm də vahid məfkurə ətrafında sıx birləşməyimizin başlıca amillərindən biridir. Üçrəngli bayrağımız milli varlığımız, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisi, hər birimizin qürur mənbəyi, güvənc yeridir. Ulu öndər Heydər Əliyev deyirdi: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir...".

Üçrəngli bayrağımızın dövlət rəmzləri sırasında xüsusi yeri var. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" Sərəncamı bunu bir daha təsdiq edir. 2009-cu ildən etibarən isə noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində dövlət başçısı deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir... Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır...".

O gün gəldi, 44 günlük Vətən müharibəsi qələbəmizlə başa çatdı, torpaqlarımız azad edildi. İndi üçrəngli bayrağımız bu qədim məmləkətin hər bölgəsində qürurla dalğalanır.

Zümrüd QURBANQIZI,

"Respublika".