AVRO 2024
İdman

AVRO 2024

Ukrayna və Avstriya qalib gəldi

Niderland Fransa ilə heç-heçə etdi

Qrup mərhələsində 2-ci turun oyunları davam edir. Dünən D və E qruplarında 3 matç keçirilib. E qrupunda Slovakiya - Ukrayna qarşılaşmasında qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Oyunun ən yaxşı futbolçusu adına Ukrayna millisinin üzvü Nikolay Şaparenko layiq görülüb.

Oyundan sonra Slovakiya millisinin baş məşqçisi Françesko Kalzona məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını deyib. Bildirib ki, razı qaldığım məqamlar oldu, amma hər zaman yox. İlk hissədə çox yaxşı oynadıq. İkinci hissə isə rəqibə cəmi 30 dəqiqə şans verdik və onlar da bundan istifadə edərək bizi cəzalandırdılar. Çünki rəqibimiz yüksək səviyyəli komandadır. Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir.

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov da komandasının oyunundan razı olduğunu bildirib: "Buraxılan qola çox yaxşı reaksiya verdik. Fasilə zamanı pressinq mövqeyimizi dəyişdik. Ehtiyatdan meydana daxil olan futbolçular bizə kömək etdilər. Ruhumuzu ortaya qoyaraq nəticəni dəyişməyə çalışdıq".

D qrupunda isə Avstriya Polşanın qonağı olub və rəqibini 3:1 hesabı ilə məğlub edib.

21 iyun

E qrupu

17:00. Slovakiya - Ukrayna - 1:2

Qollar: Şxranz, 17 - Şaparenko, 54, Yaremçuk, 80

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena"

D qrupu

20:00. Polşa - Avstriya - 1:3

Qollar: Piatek, 30 - Trauner, 9, Baumqartner, 66, Arnautoviç, 78-pen.

Baş hakim: Halil Umut Meler (Türkiyə)

Berlin Olimpiya Stadionu

UEFA-nın mətbuat xidmətinin məlumatına görə, qonaq komandanın futbolçusu Kristof Baumqartner qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Polşa millisinin baş məşqçisi Mixal Probej oyundan sonra mətbuat konfransında deyib ki, rəqib ikinci qolu vurduqdan sonra daha dəqiq oynayırdı. Müəyyən risklər etsək də, istəyimizə nail ola bilmədik.

23:00. Niderland - Fransa - 0:0

Baş hakim: Entoni Teylor (İngiltərə)

Leyptsiq, "Red Bull Arena"

Türkiyə - Portuqaliya: Saat 20:00

İyunun 14-dən Almaniyada keçirilən Avropa çempionatında 24 komanda mübarizə aparır. Bu gün isə 3 oyun keçiriləcək. Türkiyə millisi saat 20:00-da Portuqaliya yığmasını qəbul edəcək.

22 iyun

F qrupu: Ştutqart. 17:00. Gürcüstan - Çexiya

F qrupu: Dortmund. 20:00. Türkiyə - Portuqaliya

E qrupu: Köln. 23:00. Belçika - Rumıniya

Türkiyə - Portuqaliya oyununu Almaniya Futbol Federasiyasından Feliks Zvayer idarə edəcək. Ona həmyerliləri Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Xesus Gil Manzano (İspaniya) yerinə yetirəcək.

Qeyd edək ki, F qrupunda keçirilən Türkiyə - Gürcüstan qarşılaşmasında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb. Qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub. Gürcüstan millisinin heyətində isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.

Almaniya bu dəfə hansı nəticəni göstərəcək?

İyunun 14-də Almaniyada start götürən Avropa çempionatı sayca 17-cidir. İyulun 14-dək davam edəcək yarışda növbəti qitə çempionunun kimliyinə aydınlıq gələcək. İndiyədək 10 komanda Avropa çempionu olub ki, onlardan da Almaniya və İspaniya hərəyə 3 dəfə bu titulu qazanıblar. Bu komandalar Avro-2024-ün də əsas favoritləri arasındadırlar. Bundan əvvəl təkbaşına keçirdiyi Avro-1988-də yarımfinalçı olan Almaniya bəs bu dəfə hansı nəticəni göstərəcək?

"World Soccer Award"ın (Dünya Futbol Mükafatları) jüri üzvü Rasim Mövsümzadə bildirib ki, bir ölkədə keçirilən Avropa çempionatlarında sonuncu dəfə Fransa təşkilatçısı olduğu Avro-1984-də çempion ola bilib. Almaniya millisi isə Avro-2024-də bəzi maraqlı məqamlarla diqqət çəkir. Belə ki, bu komandanı çalışdıran Yulian Nagelsmann 36 yaş 327 günündə Avropa çempionatları tarixinə ən gənc baş məşqçi kimi düşüb. Halbuki futbolçulara gəlincə, Almaniya ortalama 28,6 yaşla Avro-2024-ün ən yaşlı komandasıdır. Almanların kapitanı isə 33 yaşlı İlkay Gündoğandır. İlk dəfə 2020-ci ildə kapitan sarğısını taxan türkəsilli futbolçu 2023-cü ilin iyunundan artıq komandanın daimi kapitanıdır və artıq Avro-2024-də qol hesabını da açıb.

Qeyd olunub ki, açılış matçında şotlandlara 5:1, sonra da macarlara 2:0 hesabı ilə asanlıqla qalib gələn almanlar iştirakçılardan ilk olaraq 1/8 finala da vəsiqəni təmin edərək yollarına davam edirlər. Xüsusilə Şotlandiya ilə oyunda beş qolu 5 müxtəlif futbolçunun vurması diqqət çəkir. Bundan əvvəl Avropa çempionatlarında belə göstəriciyə yalnız Avro-2020-də Xorvatiyaya 5:3 hesabı ilə qalib gəldikləri 1/8 final oyununda ispanlar imza atıblar.

Bir qrup azarkeş həbs olunub

Avro-2024 üçün Almaniyaya gələn səkkiz ingiltərəli azarkeş həbs edilib. Xarici mətbuatın məlumatına görə, bu fanatlar müxtəlif qanun pozuntularında təqsirləndirilir. Onlar insanlara xəsarət yetirdiklərinə, sərxoş vəziyyətdə elektrikli skuter sürdüklərinə və narkotik qanunlarını pozduqlarına görə saxlanılıblar. Qeyd edək ki, əvvəl də İngiltərə millisinin bir qrup azarkeşi həbs olunmuşdu.

Rodri Albaniya ilə oyunu buraxacaq

İspaniya millisi itki ilə üzləşib. Belə ki, millinin üzvü Rodri AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Albaniya ilə oyunda meydana çıxa bilməyəcək. Çünki "Mançester Siti"də çıxış edən yarımmüdafiəçi İtaliya ilə görüşdə sarı vərəqə ilə cəzalanıb. Xorvatiya ilə ilk turun oyununda da sarı vərəqə alan futbolçu cəzalıdır. İspaniya millisi isə artıq pley-offa vəsiqəni təmin edib.

M.NƏRİMANOĞLU,

"Respublika".