İngilis dili müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilir
Elm və təhsil

İngilis dili müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilir

İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər.

Bu barədə "Respublika"ya Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Cari ildə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.