Azərbaycan musiqisinin Bülbülü
Mədəniyyət

Azərbaycan musiqisinin Bülbülü

Bülbül! Azərbaycan mədəniyyətinin görkəmli siması, məlahətli səs tembri, qeyri-adi, yumşaq ifa tərzi xalq arasında sevildiyi üçün tez bir zamanda şöhrətin zirvəsinə ucala bilib. Əsl adı Murtuza olan sənətkara Bülbül adını xalq verib. Murtuza Məmmədovun sənət fəaliyyətinə nəzər salanda, yaradıcılığının çoxşaxəli, səs imkanlarının isə nə qədər geniş olduğunu görürük. O, opera müğənnisi, təsniflərin mahir ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal sənətinin banisi, SSRİ Xalq artisti və Stalin mükafatı laureatıdır. Onun haqqında bu təqdimatı çox uzatmaq olar. Lakin oxucuya sadəcə Bülbül adı kifayət edir. Qeyri-adi ifa tərzi, musiqidə professional gedişləri, muğam ifaları ilə xalq sevgisini qazanmışdır.

Sözsüz ki, Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası olan Şuşada böyüyüb, o yerlərin havasını udub, suyunu içən insan məhz Bülbül kimi də oxumalı idi. Balaca Murtuzanın da qanına, canına hopmuş musiqi özünü belə büruzə vermişdi. Muğamları, xalq musiqilərini dərindən bilən, bütün incəliklərinə bələd olan şuşalılar tərəfindən sevilib, seçilmək elə də asan deyil. Lakin balaca Murtuza bunu bacardı. Muğamlara, xalq mahnılarına yeni nəfəs verən Bülbül özünü musiqi dünyasına təqdim edə, sevdirə bildi. İlk imtahanını Şuşada layiqincə verərək əvvəlcə Qarabağın, sonra isə bütün dünyanın Bülbülü oldu.

Murtuza Məmmədov 1897-ci il iyun ayının 22-də Şuşa yaxınlığında, Xanbağı adlanan Xankəndinin cənub ərazisində dünyaya gəlib. İlk təhsilini 1907-ci ildə Şuşa mollaxanasında alıb. 1909-cu ildə Gəncəyə köçən Bülbülün yaradıcılıq uğurları məhz buradan başlayıb.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çıxış edib. Bakıya gəlib Üzeyir bəyin "Əsli və Kərəm" operasında Kərəm rolunu ifa edəndən sonra onun həyat və sənət yolu tamamilə dəyişib, professional musiqi sənətində inamla addımlayıb. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Bülbül həmin ali məktəbdə vokal üzrə ilk azərbaycanlı tələbə olub. İlk dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Sina, "Əsli və Kərəm"də Kərəm, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Qərib rollarını ifa edib. Konservatoriyanı 1927-ci ildə bitirən Bülbül musiqi təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1927-ci ilin noyabr ayından 1931-ci ilin oktyabrına kimi Milanda yaşayıb, məşhur Delliponti və R.Qranidən dərs alıb. Dörd il mükəmməl təhsil alan Bülbül iki fərqli məktəbin sintezini - dünya və milli musiqinin ən yaxşı cəhətlərinin üzvi birləşməsini öz ecazkar səsində böyük auditoriyaya təqdim edirdi. Milanda təhsilini başa vurduqdan sonra 1931-ci ildə Vətənə geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Onun təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olan Bülbül Azərbaycan vokal sənətinin inkişafında əvəzsiz xidmət göstərib. Onun geniş səs imkanlarına malik ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələri üzvi şəkildə birləşir.

Bu sənət fədaisinin İkinci Dünya müharibəsi illərində də xidmətləri çox olub. 1941-ci ilin iyul-avqust aylarında müğənni yığma qoşun döyüşçüləri qarşısında, çağırış məntəqələrində çıxış edib və 1941-ci ilin sentyabrında isə Azərbaycan Opera Teatrı ilə İrana, oradakı qızıl ordu hissələrinə xidmət üçün yola düşüb. 1942-ci ilin ağır iyul günlərində, alman işğalçıları Bakıya can atdığı vaxt Bülbül Zaqafqaziya cəbhəsində 44-cü orduda bədii-konsert briqadasına rəhbərlik edib. Ağır günlərdə Bülbül şəxsi vəsaitindən 200 min manat pulu Müdafiə Fonduna, Tank Dəstəsi Fonduna və Cəbhəçilərin Uşaqlarına Kömək Fonduna köçürüb.

Bülbül yaradıcılığı olduqca genişdir. İfaçı böyük sənətə xalq musiqisindən, muğamlardan gəlib və onu opera müğənnisi, lirik-dramatik tenor səsə malik, mahir təsnif ifaçısı, Azərbaycan professional vokal sənətinin banisi adlandırıblar. "Koroğlu" operasında oynadığı Koroğlu rolu isə yaradıcılığının zirvəsi hesab edilir. 1938-ci il aprelin 5-də Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü də "Koroğlu" operası ilə açılıb. Bülbülün Azərbaycan mədəniyyətində, musiqisində xidmətləri böyükdür. Adı Azərbaycan musiqi tarixinə həm də simfonik muğamların yaradılmasının təşəbbüskarı və iştirakçısı kimi yazılıb. Böyük bəstəkar Fikrət Əmirovun "Şur", "Kürd-ovşarı" simfonik muğamları məhz Bülbülün təşəbbüsü ilə yaranıb. O, operalardakı rolları ilə yanaşı, romansların, xalq mahnılarının və təsniflərin də mahir ifaçısı olub. "Sənsiz", "Sevgili canan", "Ölkəm", "Süsən sünbül", "Xumar oldum" və digər mahnı və romanslar məhz Bülbülün ifasında əbədilik qazanıb.

1937-ci ildə Bülbülün təşəbbüsü ilə Moskvada Ümumittifaq vokal konfransı keçirilib. Onun konfransdakı geniş çıxışı bütün musiqi ictimaiyyətinin marağına səbəb olub. Bülbül həm də folklor və aşıq yaradıcılığının bilicisi, araşdırmaçısı idi. 1938-1961-ci illərdə keçirilmiş Aşıqlar Qurultayının təşəbbüskarı və Azərbaycanda not nəşriyyatının təşkilatçısı idi. Bülbülün istedadlı gənclərin üzə çıxarılmasında da xidmətləri böyükdür. O, 1957-ci ildə keçirilən VI Ümumdünya Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

1931-ci ildə SSRİ Xalq artisti, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Ali Sovetinin deputatı, iki dəfə Lenin, iki dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı", "İtaliyanın Haribaldi" ordenləri ilə təltif edilib.

Bülbül üçün dünyanın ən gözəl, cənnət məkanı Şuşa olub. Onun ən çox istirahət edib, dincəldiyi yer də Şuşa idi. Doğulub böyüdüyü ev bu gün də Şuşada ev-muzeyi kimi fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsi illərində Bülbülün Şuşadakı ev-muzeyi ermənilər tərəfindən dağıdılaraq anbar kimi istifadə edilib. Heykəli isə erməni terrorçuları tərəfindən güllələnərək bərbad günə salınıb. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra Bülbülün ruhu Şuşa torpağına qovuşub. Ev-muzeyi yenidən təmir-bərpa olunub. Bülbül yenə də canından çox sevdiyi Şuşadadır. Sonuncu dəfə 1961-ci ilin iyul ayında Şuşada konsert verən Bülbül sentyabr ayının 26-da Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".