İNFRASTRUKTUR LAYİHƏLƏRİN İCRASI BOL MƏHSULA ZƏMİN YARATMIŞDIR
İqtisadiyyat

İNFRASTRUKTUR LAYİHƏLƏRİN İCRASI BOL MƏHSULA ZƏMİN YARATMIŞDIR

Ölkə iqtisadiyyatının bir çox sahələrinin tərəqqisi kənd təssərrüfatının inkişaf səviyyəsi ilə də sıx bağlıdır. Belə ki, böyük zəhmətlə istehsal olunan kənd təsərrüfatı məhsullarının bir hissəsi əhalinin şəxsi istehlakına ərzaq kimi, bir hissəsi toxuma, yemə və müəyyən hissəsi emal müəssisələrinə xammal kimi istifadəyə göndərilir.

Eyni zamanda aqrar sahə əhalinin iş yerləri ilə təmin edilməsində, kənddə yoxsuluğun minimuma endirilməsində sosial-iqtisadi önəm daşıyır. Bu baxımdan, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, ixracyönümlü məhsulların istehsalının artırılmasında meliorasiya və su təsərrüfatı sahəsində reallaşan infrastruktur layihələrinin önəmi olduqca böyükdür.

Bu gün meliorasiya və su təsərrüfatı işçiləri üzərinə düşən bu mühüm vəzifələri yüksək səviyyədə həyata keçirməkdədir. Yeni layihələrin icrası əhalinin su ilə təminatına zəmin yaratmışdır. Bu haqda ətraflı məlumat almaq üçün Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovla həmsöhbət olduq. O qeyd etdi ki, respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının, meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkünsüzlüyünü yaxşı bilən ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdən bu sahəyə xüsusi diqqət yetirmiş və həyata keçirilən böyük, ardıcıl tədbirlər nəticəsində aqrar sahədə nailiyyətlər əldə olunmuşdur. Belə ki, hazırlanmış nəhəng layihələrin əsasında iri su anbarlarının inşası bu sahənin tərəqqisinə zəmin yaratmışdır. Məlum səbəblərdən bu sahəyə laqeydsizlik və səriştəsizlik ucbatından su təsərrüfatı tənəzzülə uğramışdı. Xalqın təkidli dəvəti əsasında müdrik rəhbər ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunmuş, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Elə həmin dövrdən başlayaraq, Meliorasiya və Su Təsərrüfatı rəhbərliyi və fədakar melioratorlar işlərini lazımi səviyyədə qurmuş və bu sahədə inkişafa nail olunmuşdur. Hazırda Azərbaycanda bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Son illərdə ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə nəhəng su anbarlarının tikintisi bunun bariz nümunəsidir. Bununla da yüz minlərlə hektar torpaq sahələrinin suvarılmasına şərait yaranmışdır. Digər tərəfdən bu, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına yol açmışdır.

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz dövlət başçısının diqqəti və qayğısı sayəsində Azərbaycanda genişmiqyaslı suvarma kanalları, kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yüksək səviyyədə yerinə yetirilmiş, yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmiş, yeni subartezian quyuları qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 950 milyon kubmetrdən çox, ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə seçilən 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilmişdir ki, bununla da yüz minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaradılmışdır.

Xüsusilə qeyd etmək lazımdır ki, Qərb bölgəsində yerləşən Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi də bu baxımdan mühüm olduqca əhəmiyyətə malikdir. Bununla da Goranboy rayonunda daha 8 min hektar əlavə sahəyə suvarma suyunun verilməsi təmin edilib.

Hazırda rayonun 61741 hektar əkin sahələrinə 63 milyon kubmetr su verilir: 20 milyon kubmetr - təbii su mənbələrindən, 6800 min kubmetr nasos stansiyaları 36,2 milyon kubmetr isə subartezian quyuları vasitəsilə. Əkilmiş pambıq, taxıl, yem bitkiləri, həyatyanı, bostan, biçənək, çoxillik bağ, xəsil arpa, günəbaxan, qarğıdalı, çuğundur, tütün plantasiyaları bol su ilə təmin olmuş, bol məhsulun istehsalına nail olunmuşdur. Bu sahələrin su ilə təminatı üçün 958 ədəd subartezian quyusundan, 16 ədəd nasos stansiyalarından və ümumi uzunluğu 2019 kilometr olan suvarma kanallarından istifadə olunmuşdur. Bu qurğuların daimi saz vəziyyətdə işləməsi üçün 155 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 23 ədəd təzə nasos alınaraq quyulara quraşdırılmışdır. Su itkilərinin qarşısının alınması üçün müxtəlif çayların məcrasında 3000 kubmetr təmizləmə işləri aparılmışdır. 27550 metr çaylarda və arxlarda kol-kosdan və lildən təmizləmə işləri aparılmışdır. Hazırda məhsuldarlığını tamamilə itirmiş 15 ədəd subartezian quyusunun bərpa olunması, 20 ədəd subartezian quyusunun isə əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Bir sözlə, qarşıda duran ümdə vəzifənin - ərzaq təhlükəsizliyi təminatını və Dövlət proqramları olan aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarma və meliorasiya işçiləri var qüvvələri ilə, əzmlə çalışırlar. Dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılmasına, onların istismarının yaxşılaşdırılmasına göstərdiyi sonsuz diqqət və qayğı fədakar melioratorların məsuliyyətini daha da artırır və yaxşı işləməyə sövq edir.

Zabit XƏLİLOV,

"Respublika".