Şuşa: Azərbaycan ruhunun təcəssümü
Gündəm

Şuşa: Azərbaycan ruhunun təcəssümü

Prezident İlham Əliyevin Şuşaya son səfəri və rəhbərliyi sayəsində orada görülən məqsədyönlü işlər böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, 32 ildən sonra ilk dəfə olaraq şuşalılar öz şəhərlərinə qayıtdılar. Cənab Prezident 10 may tarixində 500 mənzili olacaq 3-cü yaşayış kompleksinin təməlini qoymuşdur. Qeyd edək ki, 1 il öncə isə 2-ci yaşayış kompleksinin tikintisinə başlanılmışdır.

Dövlət başçısı bir qrup şəhər sakini ilə görüşündə bildirdi ki, Şuşa gənclərimizin mənəvi gücü, igidliyi, şəhidliyi ilə alınıb, onlar böyük bir qəhrəmanlıq göstəriblər. Bütün dünya bizim yetişdirdiyimiz gənc hərbçilərimizin fədakarlığına heyran olmaqla bunu təqdir edir. Şuşa ordumuzun böyük əzmkarlığı və analoqu olmayan yüksək döyüş rəşadəti sayəsində alındı və bununla da düşmənin beli qırıldı. Şuşanın azad olunması qələbəmizin əsasını qoydu, qısa vaxt ərzində şəhərə Zəfər yolu çəkildi və bu istiqamətdə həyata keçirilən layihələr uğurla davam etdirilir.

Şuşa şəhərində indi quruculuq işləri gedir, inzibati və yaşayış binaları sürətlə inşa olunur. Şəhərdə artıq 4 böyük otel var, o cümlədən 5 ulduzlu “Şuşa” oteli fəaliyyət göstərir. Onu da qeyd edək ki, dünyanın bir sıra məşhur şirkətləri şəhərdə aparılan quruculuq işlərinə cəlb olunub. Şuşa özünün tarixi memarlığına uyğun olaraq yenidən qurulur və böyük əhəmiyyətə malikdir. Burada artıq Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi, Mehmandarovun malikanəsi bərpa edilib və bu istiqamətdə mühüm işlər davam etdirilir.

Hazırda Şuşada böyük quruculuq işləri gedir və mən tam əminəm ki, bu işlər mütəmadi olaraq davam etdiriləcək və şəhər müasir şəraitdə sakinlərin ixtiyarına veriləcək.

Cənab Prezidentin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl yerlərindən biridir. Düşmən, düşmənin arxasında duran qüvvələr, birinci növbədə Fransa, Amerika Azərbaycansız bölgədə heç bir iş görə bilməz.

Hər kəsə yaxşı məlumdur ki, bu gün heç kim bizə nəsə diktə edə bilməz. Çünki biz Qafqazda söz sahibiyik və əsas dövlətik. Şuşa isə Azərbaycan ruhunun təcəssümüdür. Azərbaycan bayrağı bu torpaqlarda əbədi olaraq dalğalanacaq.

Tahir KƏRİMLİ,

Vəhdət Partiyasının sədri,

Milli Məclisin deputatı.