Hər günü bir tarix idi...
Gündəm

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 16-cı günü

27 sentyabr 2020-ci ildə Azər

baycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

12 oktyabr

  • Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər. Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.
  • Döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.
  • Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verib: "Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik".
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək mülki şəxslərdən 41 nəfər həlak olub, 207 nəfər isə xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilir. ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsini misal göstərib: "Qarabağda pilotsuz uçuş aparatlarının aktiv istifadə olunması ABŞ Ordusunun, xüsusən Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyub. Qarabağdakı döyüşlərdə ölümcül PUA-larla üzbəüz gələcəyik". ABŞ komandanlığı Qarabağdakı döyüş əməliyyatlarının nümunələri əsasında özünün Hava və Raket Hücumundan Müdafiə sistemlərinin təkmilləşdirilməsini müzakirə edib. Pentaqon rəhbərliyi düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etməyə malik PUA-ların XXI əsrdə müharibələr zamanı əsas silah olacağını əlavə edib.
  • Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumu "Elbrus" ballistik raketi (SCUD) ilə həyata keçirilmişdir. Raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən "8K14" yazısı aşkarlanmışdır.
  • Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsinin videogörüntülərini yayıb. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Süleymanlı kəndinin videogörüntülərini paylaşıb.

"Respublika".