Orta dəhlizin Azərbaycana faydası hədsiz dərəcədə çoxdur
Gündəm

Orta dəhlizin Azərbaycana faydası hədsiz dərəcədə çoxdur

Bildiyiniz kimi, böyük türk dünyasını yaxından maraqlandıran Orta dəhliz lahiyəsi mövcud geosiyasi və geopolitik vəziyyəti kökündən dəyişə bilər. Bu da qarşılıqlı tranzit əlaqələrinin inkşafında önəmli rol oynayır. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də, Çin, Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi vasitəsi ilə daha qısa vaxt sərf etmiş olur.

Məsələ ilə bağlı siyasi ekspert Samir Hümbətov “Respublika”ya öz fikirlərini bildirib: "Orta dəhliz Çinin 2013-cü ildə başlatdığı “Bir kəmər- bir yol” layihəsinin əsas elementlərdən biri sayılır. Təbii ki, bunun tarixi keçmişi də var. Orta əsrlərdən günümüzə qədər buradan İpək yolu kimi istifadə olunurdu. İndi artıq müasir adıyla “Bir kəmər- bir yol” layihəsi və onun da əsas elementi olan Orta dəhlizin həm Azərbaycan üçün xarakterik xüsusiyyətləri var, həm də əksinə, Azərbaycanın Orta dəhlizin formalaşması və genişlənməsində müstəsna rolu ola bilər. Yəni burda birtərəfli şəkildə məsələyə yanaşmağımız doğru olmaz. Çünki, Azərbaycan olmasa, orta dəhlizin reallaşması da o qədər mümkün olmayacaq. Eyni zamanda orta dəhlizin Azərbaycanla qarşılıqlı bağlantısı formalaşır. Təbii ki, burada orta dəhliz məsələsinə nəzər salarkən, Azərbaycanın 2007-ci ildən 2017-ci ilə qədər həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin artıq fəaliyyət göstərdiyinə diqqət yetirməliyik. Yəni orta dəhlizinin əsas elementlərindən biri yekunlaşıb. İkinci bir element isə təbii ki, İkinci Qarabağ savaşından sonra daha da aktivləşən Zəngəzur dəhlizi məsələsidir ki, bu dəhliz vasitəsilə “Bir kəmər- bir yol” layihəsinin orta dəhlizinin daha işlək hal almasına gətirib çıxaracaq imkanlar formalaşır. Bu baxımdan hesab etmək olar ki, orta dəhlizin fəaliyyəti Azərbaycanla çox bağlıdır və ölkəmizin imkanları, potensialı orta dəhlizin “Bir kəmər- bir yol” layihəsinin qollarına nisbətən daha mükəmməl, daha rahat bir şəkildə işləməsinə, Avrasiya materikindəki məsafələri qısaldacaq. Yəni həm dəniz yolu ilə , həm də digər yollarla fərqli vəziyyət yarada bilər.”

Siyasi ekspert bildirib ki, Orta Dəhlizin Azərbaycana olan faydası hədsiz dərəcədə çoxdur: "Bu zaman həmin vaxt 15-20 günə qədər endiriləcək. Bu da ümumilikdə yükdaşımalar və logistikanın keyfiyyətinin artırılmasına gətirib çıxaracaq, daha çox faydalı əməkdaşlıq olacaq. Biz Türkmənistan, Qazaxıstanla üzbəüz sahildə, Ələtdə yeni dəniz limanı tikilib. Onun indiki yük qəbuletmə qabiliyyəti 5 milyon ton olduğu halda, gələcəkdə bunun da artırılması nəzərdə tutulur. Bütün bunlar hamısı həm regional, həm də qlobal səviyyədə yeni layihələrin meydana çıxmasına və inkişaf etdirilməsinə töhfə verir. Bu baxımdan düşünürəm ki, bütün qeyd etdiyimiz məsələlər həm də ondan xəbər verir ki, Azərbaycanın “Bir kəmər- bir yol” layihəsi üçün önəmli əhəmiyyət daşıyan bir ölkə olması, həm də layihənin Azərbaycan üçün vacib önəmə malik layihə olmasını qeyd edə bilərik.”

Tacir SADIQOV,

"Respublika".