Ölkə ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin seçkilərdə qələbəsini böyük coşqu ilə qeyd ediblər
Gündəm

Ölkə ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin seçkilərdə qələbəsini böyük coşqu ilə qeyd ediblər

Ölkə ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin fevralın 7-də keçirilən seçkilərdə inamlı qələbəsini böyük coşqu ilə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, axşam saatlarında paytaxt sakinləri, sənətçilər, ziyalılar və digərləri sevinc hisslərini paylaşmaq üçün Heydər Əliyev Mərkəzinin parkına toplaşıblar.

Onların bəziləri sevinclərini AZƏRTAC-la bölüşüblər.

Xalq artisti Rüfət Xəlilzadə bildirib ki, fevralın 7-də Azərbaycan xalqı həmrəyliyini bir daha göstərdi. 44 günlük Vətən müharibəsində insanlarımız necə yumruq kimi bir olmuşdusa, bu gün yenə də birlikdə Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşdilər.

O deyib ki, bütün azərbaycanlılar Prezident İlham Əliyevin inamlı qələbəsini bayram ab-havasında qeyd edir, dövlətimizin başçısının daxili və xarici siyasi xəttini daim dəstəklədiklərini bildirirlər.

Paytaxt sakini Sahil Arifoğlu isə qeyd edib: "Xalqımız yenidən öz layiqli Liderini seçdi və əminəm ki, daha böyük uğurlara imza atacağıq. Xalqımız Vətən müharibəsində bizə Zəfər qazandıran Müzəffər Ali Baş Komandanı öz işıqlı gələcəyi üçün yenidən Prezident seçdi. O vurğulayıb ki, xalqımız daim Prezident İlham Əliyevə güvənib və bu seçimdə də haqlı çıxacaq".

Paytaxtın digər sakini Orxan Hüseynli isə bildirib ki, bu gün Azərbaycanımız üçün əsl bayramdır. Bir vətəndaş kimi 44 günlük müharibədə bizə Zəfər qazandırmış Prezidentimiz İlham Əliyevə səs verdim və gələcəyimizin onunla daha uğurlu olacağına çox əminəm.