Sağlam və təhlükəsiz həyat naminə
İqtisadiyyat

Sağlam və təhlükəsiz həyat naminə

Ölkəmizdə ekoloji problemlərin həllində müasir kompleks yanaşma və təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına stimul verir

Davamlı inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalı, müasir texnoloji istehsal qurulmalı, iqtisadi artım və ekoloji mühit arasında tarazlıq qorunmalıdır.

Cəmiyyətdə rifahın yüksəldilməsi, rəqabətli iqtisadiyyatın formalaşması, innovasiya və insan kapitalının əhəmiyyətli inkişafı, həmçinin yaşıl texnologiyaların tətbiqi isə yeni strateji baxış tələb edir. Azərbaycanda "yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi də yeni imkanlar yaradır. Ölkəyə "yaşıl investisiya"ların cəlb edilməsi, "yaşıl maliyyələşdirmə" təşəbbüslərinin dəstəklənməsi də bu baxımdan əhəmiyyət kəsb edir. Qəbul edilən inkişaf konsepsiyaları, strateji yol xəritələri və dövlət proqramları "yaşıl iqtisadiyyat"ın inkişafını təşviq edir.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti böyükdür. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və yaşıl artım" ölkəsi" adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilib, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.

Qeyd edək ki, iqtisadi inkişaf nəticəsində texnoloji yeniliklərin enerjiyə tələbatı, məişət və sənaye tullantılarının, çirkab sularının həcminin artması da müşahidə edilir. Hazırda bu sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadəsi kimi məsələlər əsas prioritetlərdir. Bu prioritetlər sırasında  son zamanlar enerjidən səmərəli istifadə edilməsi  və ekoloji cəhətdən əlverişli texnologiyaların - "yaşıl texnologiya"ların tətbiqi geniş vüsət almışdır. "Yaşıl texnologiya"lar təbiətdən yararlanaraq hazırlanan və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə işləyən texnologiyalardır.

Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Təkrar emal uzunmüddətli planlamada səmərəli iqtisadi sərmayədir. Gələcəkdə təbii sərvətlərin sürətlə tükənməsi ciddi iqtisadi problemlərin yaranacağına işarədir. Təkrar emal isə yeni iş imkanları ilə yanaşı, gələcək nəsillərin dünya təbii ehtiyatlarından faydalanmasına imkan yaradacaq, təkrar istifadənin məqsədlərindən biri tullantıların miqdarını azaltmaq və bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Torpağın və suyun çirklənməsi kənd təsərrüfatı məhsullarının çirklənməsinə vəsilə olur. Bu da insanların sağlamlığına mənfi təsir göstərir. Dolayısı ilə təkrar emal prosesi ilə səhiyyə xərclərini də azaltmaq mümkündür. Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək "yaşıl istehsal"la məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkı əlverişli məkandır. Parkda 23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, "yaşıl məhsul" istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib. Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Balaxanı Sənaye Parkında tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsullar bir sıra ölkələrə ixrac olunur.

Tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaltması istiqamətində səmərəli üsullardan biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası çərçivəsində yaradılan və 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlarına tam uyğun şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 231,5 milyon KVt/saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır. Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu 2009-cu ilin oktyabr ayında "Təmiz Şəhər" ASC-yə təhvil verilib. Burada tətbiq olunan müasir texniki qurğular vasitəsilə zərərsizləşdirilən tullantılardan ayrılan qazlardan elektrik enerjisi əldə olunur. Ayrılan su isə xüsusi filtrasiyadan sonra poliqon ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. Tullantıların zərərsizləşdirilməsi sahəsində əhəmiyyətli fəaliyyətlərdən ən vacibi çeşidləmədir. "Təmiz Şəhər" ASC-nin Bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən bu istiqamətdə uğurla fəaliyyət göstərir. Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan zavodda çeşidləmənin aparılması nəticəsində ayrılan materiallar tullantıların ümumi həcmini azaldır, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır.

"Təmiz Şəhər" ASC tərəfindən icra olunan uğurlu layihələrdən biri də Böyükşor gölünün bərpasıdır. Layihə çərçivəsində gölün şərq hissəsində 300 hektar ərazi ayrılıb, gölü bölən bənd və həmin bənd üzərindən Binəqədi-Balaxanı avtomobil yoluna və Ziya Bünyadov prospektinə rahat çıxış imkanı yaradan yeni yol inşa olunub. Dib çöküntüləri təmizlənərək suyun keyfiyyəti yaxşılaşdırılıb, bulvar və park salınıb. Bir vaxtlar durumu ekoloji cəhətdən gərgin olan Böyükşor gölünün ətrafı indi şəhər sakinlərinin üz tutduqları ən yaxşı istirahət məkanlarından biridir. Göründüyü kimi,  bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsinin və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.

Ümumiyyətlə, yaşıllaşdırma işlərinin aparılması, meşələrin artırılması bütövlükdə ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv vasitədir. Bu baxımdan, azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərdən biridir. İqlim dəyişmələri ilə mübarizə təkcə bir ölkənin öhdəliyi deyil, bu problemlə mübarizədə bütün bəşəriyyətin birləşməsi, yeni çağırışlar, yollar axtarılması zəruridir. Azərbaycanda bu istiqamətdə görülən işlər nümunədir. Hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda digər məsələlərlə yanaşı, ətraf mühitin, təbiətin qorunması da diqqətdə saxlanılıb. Prezident İlham Əliyev də bu vacib məsələlərə xüsusi yanaşmanı davam etdirir.

Beləliklə, mütəxəssislər qeyd edirlər ki, hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər  insanların sağlam mühitdə yaşamasının təmin edilməsinə, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafına, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir. Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilir. Azərbaycanda ətraf mühit problemlərinin  həlli istiqamətində genişmiqyaslı işlər, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanaraq enerji effektivliyinə nail olunması, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatın qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətləridir.

Son olaraq onu da qeyd edək ki, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi  edəcək. Düzdür, ölkəmiz artıq beynəlxalq tədbirlərin, nüfuzlu sammitlərin, keçirildiyi etibarlı platforma kimi çıxış edir. Prezident cənab İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən danışıb. Dövlət başçımız xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: "Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir".

Mustafa KAMAL,

"Respublika".