Qarabağ və Şərqi Zəngəzur: gələcək naminə “yaşıl məkan
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: gələcək naminə “yaşıl məkan"

Müstəqil Azərbaycanın gələcək inkişaf planlarından biri də müasir sənayeləşmədir. Ölkəmizin iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, enerji və resurslardan səmərəli istifadə, ekoloji təmiz texnologiyaların tətbiqi əsas məqsəddir. Bərpaolunan enerji mənbələrinə görə yüksək potensiala malik ölkələrdən biri də Azərbaycandır.

İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində əvvələr enerji idxalçısı olan ölkəmiz artıq etibarlı enerji ixracatçısı kimi dünyanın diqqətini cəlb edir. Hazırda qlobal istiləşmənin, atmosferin həddən artıq çirklənməsinin qarşısıalınmaz fəsadlara yol açması bütün dünyada böyük narahatlıqla izlənilir. Getdikcə daha təhlükəli hal alan qlobal təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların səylərini gücləndirməsini, koordinasiyalı fəaliyyət göstərilməsini zərurətə çevirib. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji zonası"na çevriləcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytrallığının təmin edilməsi ölkəmizin əsas hədəfləri sırasında yer alır.

"Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan bölgələri Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. Bu bölgələr ərazimizin təxminən 25 faizini təşkil edir". Bu fikirləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu ərazilərdə "yaşıl enerji" mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək.

Günəş və külək enerjisindən sistemli şəkildə istifadə edilməsi "yaşıl enerji" konsepsiyasının əsas elementlərindəndir. Xüsusilə nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərimizin günəş və külək potensialı böyükdür və həmin ərazilərdə istehsal olunan elektrik enerjisinin digər rayonlara nəql edilməsinə də imkan yaradacaq. Yer səthinə düşən günəş şüasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. Gələcəkdə burada da günəş enerjisindən və digər bərpaolunan enerji mənbələrindən istifadə nəzərdə tutulur. Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir. "Yaşıl siyasət"lə bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda "yaşıl enerji" istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Məhz buna görə də günəş və külək enerjisi istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Hər iki bölgədə mövcud olan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin iştirakı ilə inşa edilib. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" və "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməli 2022-ci il martın 15-də "Gülüstan" Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiyaya 262 milyon dollar həcmində xarici sərmayə qoyulub. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Dövlət başçısı İlham Əliyev ötən il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirdi ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallıq yaradır. Növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək Dövlət Proqramını icra etməyi planlaşdırırıq.

Laçın, Kəlbəcər ərazisində isə təxmini olaraq 100 MVt gücündə külək elektrik stansiyası layihəsinin tikintisi planlaşdırılır. "Yaşıl enerji zonası"nın yaradılması məqsədilə bu ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, "ağıllı enerji" idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur. Beləliklə, dünyəvi məqsədə çevrilən "yaşıl iqtisadiyyat"ın qurulması Azərbaycanın da prioritet istiqamətləridir.

Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkənin növbəti onillikdə sosial-iqtisadi inkişafına aid Milli Prioritetdən 5-ci prioritet təmiz ətraf mühit və "yaşıl artım" olmasıdır. Bu prioritet daxilində əsas məqsəd yüksəkkeyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının effektiv reallaşdırılmasıdır. Bu sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə geniş yer verilməsi, təbii ehtiyatlardan, dayanıqlı enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Eləcə də ölkəmizdə "yaşıl enerji", "yaşıl texnologiya"lar vasitəsilə iqtisadiyyatın bütün sahələrində bərpaolunan enerjinin düzgün tətbiqi və onların istifadəsini gələcək dövrlərdə genişləndirməkdir. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncamda da öz əksini tapıb. Sərəncamda bildirilib ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında da öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin rolu daha da artır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycan neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogen, o cümlədən yaşıl hidrogen ixrac ediləcək. Ölkəmiz bu məqsədlə həm tərəfdaşları, həm də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əlaqələrini genişləndirir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından başlanan iqtisadi inkişafın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində stimulverici amildir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləyir, bir layihənin uğurlu sonluqla başa çatması digər bir layihənin gündəmə gətirilməsini şərtləndirir, dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır.

"Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətində mühüm yer tutur. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Mustafa KAMAL,

"Respublika".