Milli Məclisin sədri Sahibə Qafarovanın Çexiyada görüşləri
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarovanın Çexiyada görüşləri

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Senatın sədri ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib. O, həmçinin deyib ki, münasibətlərimiz funksional və tarazlaşdırılmış səviyyədədir. Azərbaycan Çex Respublikası üçün dost ölkədir.

Miloş Vıstrçil müasir dövrdə enerji məsələlərinin əhəmiyyətini vurğulayaraq Azərbaycanla ölkəsi arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı niyyətlərini də ifadə edib.

Görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğu, Avropanın neft-qaz tədarükçüsü kimi əhəmiyyətli rolu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. O cümlədən Azərbaycan ilə Çexiya arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyəti də vurğulanaraq diqqətə çatdırılıb ki, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin qarşılıqlı əsasda keçirilməsi mühüm əhəmiyyət daşıyır.

S.Qafarova ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və görüşlərin, siyasi məsləhətləşmələrin intensivləşməsinin vacib rol oynadığını qeyd edib. Bildirib ki, bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qanunverici orqanlar arasında münasibətlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini vurğulayıb. Diqqətə çatdırılıb ki, parlamentarilərimiz arasında təmasların gücləndirilməsi həm qanunverici orqanlarımızın əməkdaşlığının daha da dərinləşdirilməsinə, həm də iki ölkə ictimaiyyətinə obyektiv məlumatların verilməsinə, ölkələrimiz arasında həqiqətdən uzaq məlumatların yayılmasının qarşısının alınmasına xidmət edər.

Çexiya Senatının sədri, həmçinin Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatlar, o cümlədən mina təhdidləri, antiterror tədbirləri, Azərbaycanın münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri barədə məlumatlandırılıb. Mövcud vəziyyətlə bağlı qeyri-obyektiv, yanlış informasiyalara əsaslanaraq qəbul edilən qətnamələrin sülh prosesinə zərbə vurduğunu bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

***

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Deputatlar Palatasının sədri Azərbaycan parlamentinin sədrinin səfərindən məmnunluqlarını ifadə edərək, qanunverici orqanlarımız arasında yalnız spikerlər səviyyəsində deyil, komitələr, dostluq qrupları səviyyəsində də əməkdaşlığın önəmini vurğulayıb. Həmçinin parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. O cümlədən, Azərbaycanın Çexiyanın ikinci neft tədarükçüsü olduğu vurğulanıb. Əlaqələrin enerji, ticarət, iqtisadiyyat sahələrində inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilərək bildirilib ki, tərəflər arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir.

Görüşdə, həmçinin bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğu, ötən dövr ərzində dövlətlərarası münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edib.

Görüşdə hazırda regionda mövcud vəziyyət barədə məlumat verən Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.

Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərib.

O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb. Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq hüququn normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Sahibə Qafarova, həmçinin Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələri də vurğulayıb. O, bir daha bəzi dairələr Azərbaycanı etnik təmizləmədə ittiham etsələr də, bu ittihamları təsdiq edəcək bir dənə də faktın olmadığını, regiona səfər edən BMT missiyalarının da bunu təsdiqlədiyini bildirib.

Azərbaycanın regionda daimi sülhün təmin olunmasını istədiyini deyən Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.

Sonra Milli Məclisin sədri xatirə kitabını imzalayıb.

Görüşdən sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Deputatlar Palatasının inzibati binası ilə tanış olublar.