Dünya enerji təhlükəsizliyinə müsbət impuls
İqtisadiyyat

Dünya enerji təhlükəsizliyinə müsbət impuls

Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür.

Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzindədir. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur, Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bu baxımdan, Azərbaycanda enerji məsələləri ilə bağlı fəaliyyət xarici güc mərkəzlərini dərindən maraqlandırır. "Bakı Enerji Həftəsi"nin (Baku Energy Week) builki sessiyasına da marağın böyük olacağı istisna deyil.

İyunun 4-6-da keçiriləcək Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" və 29-cu Bakı Enerji Forumu. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümünə təsadüf edən budəfəki Bakı Enerji Həftəsinin gündəliyinin bu baxımdan daha zəngin olacağı şübhəsizdir. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində müstəqilliyinin bərpasının ilk illərində iflic vəziyyətində olan iqtisadiyyat 1994-cü ildə yenidən canlandı. Elə həmin dövrdən etibarən "Əsrin möcüzəsi"nin imzalanması ilə birlikdə təsis edilən Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas" sərgisinin Bakı Ekspo Mərkəzində 4-6 iyun tarixlərində 29-cu görüşü keçiriləcək. Məhz ilk dəfə keçirilən sərgidə "Şahdəniz" kontraktının imzalanması ölkəmizi gələcəkdə neft və qaz ölkəsi kimi dünyaya təqdim edəcəkdi. Ölkə başçısı İlham Əliyev də öz çıxışlarında bildirir ki, o vaxt dünyada və Avropada, ümumiyyətlə, qaz amili o qədər də ciddi qəbul edilmirdi: "Ona görə "Şahdəniz" kontraktının imzalanması demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki biz bilirdik ki, vaxt gələcək Azərbaycan nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də özünü dünyaya təqdim edəcəkdir. Bilirdik ki, bizim çox zəngin qaz yataqlarımız vardır. Bilirdik ki, bu yataqların işlənilməsi nəticəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir".

Sözügedən sazişin imzalanması nəticəsində ölkəmiz hazırda bölgədə enerji təhlükəsizliyində mühüm rol oynayır. "Əsrin müqaviləsi"ndən də dəstək alan "Şahdəniz" sayəsində 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də eyni dəhlizdə tikilmişdir. 1999-cu ildə "Şahdəniz" yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edərək yeni üfüqlərə yol açıb. Lakin əldə olunan böyük uğurlarla kifayətlənməyən Azərbaycan 2013-cü ildə ikinci fazanın əsasını qoyaraq, "Şahdəniz-2" qaz yatağı layihəsini gerçəkləşdirib. "XXI əsrin layihəsi" adlandırılan "Şahdəniz-2"nin gerçəkləşməsi "Cənub Qafqaz Boru Kəməri" vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılması deməkdir. Məhz 2006-cı ildə istifadəyə verilən Cənub Qafqaz Boru Kəməri, 2012-ci ildə TANAP və 2013-cü ildə başladılan TAP layihələri bugünkü Cənub Qaz Dəhlizinin 3 qolunu təşkil edir.

İlk dəfə 2011-ci ildə keçirilən Xəzər Beynəlxalq Energetika və Yaşıl (köhnə adı Alternativ) Enerji Sərgisinin ("Caspian Power") əsas məqsədi regionda enerji sektorunun gələcək inkişafı üçün münbit şəraitin təmin olunmasına, bu sahədə biznes əlaqələrinin qurulmasına, satış bazarlarının genişləndirilməsinə, birgə müəssisələrin yaradılmasına və ölkə bazarında investisiya layihələrinin, o cümlədən texnologiya və avadanlıqların təşviqinə zəmin yaradır. Sərgidə Azərbaycanın energetika sektorunda mövcud olan yerli və xarici şirkətlər tərəfindən istehsal edilən məhsullar nümayiş etdirilir.

Enerji siyasətinə nəzər yetirən zaman aydın olur ki, ölkəmiz 30 il ərzində çox böyük yol qət edib. 2013-cü ildə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransın açılış mərasimində iştirak edən cənab İlham Əliyev də qeyd etmişdir ki, iyirmi il əvvəl Azərbaycanın inkişafı ilə bağlı sadəcə olaraq proqramlar, niyyətlər var idi. Bu gün Azərbaycan beynəlxalq əməkdaşlıqda kifayət qədər təcrübə toplayıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" nəticəsində digər sahələr kimi, enerji sektoru da yüksəlib. Keçmişdə bəzi təhlilçilər tərəfindən Azərbaycanı gözləyən "Holland sindrom"u və "neft lənəti" reallaşmadı. Ölkəmiz sözügedən sahədə bölgədə aktor mövqeyə yüksəldi.

2022-ci ildən bəri özündə 3 tədbiri birləşdirən Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq aləmdə enerji təhlükəsizliyi məsələlərini ön plana çəkir. Builki tədbirin əsas mövzularından biri, şübhəsiz ki, "yaşıl enerji"yə həsr olunacaq. Ölkəmiz noyabrda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) ev sahibliyi edəcək. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkə başçımızın məsələyə nə qədər həssas yanaşdığını sübut edir. COP29 ərəfəsində enerji sahəsinin nümayəndələrini ortaq meydanda toplayan Bakı Enerji Həftəsi Azərbaycanın bu sahədəki rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrin bir daha diqqətə çatdırılmasını nəzərdə tutur. Müvafiq olaraq Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub.

Bu dəfə baş tutacaq Bakı Enerji Həftəsi çərçivəsində bir sıra panel sessiyalar və müzakirələr keçiriləcək. Sərgi günlərində "Stereotipləri qıraraq: enerji həllərinin formatlaşdırılması", "Yeni texnologiyalar və rəqəmsallaşma", "İrəliyə doğru yol açmaq: ekoavtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı", "Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi", "Enerji sənayesində süni intellekt pionerləri", "Yüksək texnikaya uyğunlaşdırılmamış boru kəmərlərinin standart avadanlıqla yoxlanılması üçün həllər", "Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları", eləcə də "Azərbaycanın neft-qaz sektorunda qadınların rolu" mövzularında panel müzakirələr keçiriləcək. Bu il də Bakı Enerji Həftəsində yüksək səviyyəli qonaqlar, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, "Masdar" şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto, Macarıstanın energetika naziri Csaba Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian və başqaları iştirak edəcəklər.

Bakı Enerji Həftəsi, eyni zamanda Azərbaycanda "yaşıl enerji" sahəsində icra edilən konkret işlər haqqında məlumatların tərəfdaş ölkələrdən olan nümayəndələrin diqqətinə çatdırılmasına şərait yaradacaq. Bu işlər arasında 2023-cü ildə regionda ən böyük və ən müasir "yaşıl enerji" istehsalı müəssisələrindən olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi və səmərəli fəaliyyətini göstərmək olar. Bununla yanaşı, "Masdar" ilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının təməlinin qoyulması, cari il mayın 3-də "ACWA Power" şirkəti ilə 200 MVt Batareya Enerji Saxlama Sistemi üzrə İcra Sazişi və 200 MVt gücündə külək elektrik stansiyası üçün Çərçivə Sazişi imzalandı. 1870 MVt gücündə bərpaolunan enerji güclərinin (İstismara verilmiş və təməli qoyulmuş stansiyalar daxil olmaqla 2 külək və 6 günəş stansiyası) ölkənin ümumi elektroenergetika şəbəkəsinə inteqrasiyası üzrə proqramın icrası nəzərdə tutulur. Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya - Azərbaycan - Avropa Enerji Dəhlizi, Azərbaycan (Naxçıvan) - Türkiyə - Yaşıl Enerji Dəhlizi, Yaşıl Enerji Zonaları (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlər davam etdirilir və Naxçıvan üçün müvafiq konsepsiya hazırlanır), işğaldan azad edilmiş ərazilərdə ümumi gücü 225,6 MVt olan 28 su elektrik stansiyasının istismara verilməsi və ümumi gücü 44 MVt olan 4 yeni SES-in tikintisinin davam etdirilməsi və "Şahdəniz" layihəsinin uğurla həyata keçirilməsidir.

Çağdaş dövrün ən aktual mövzularından biri olan enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycanda bütün imkanlar var. Bu baxımdan, Bakı Enerji Həftəsi dünyanın enerji mərkəzləri tərəfindən böyük marağa səbəb olub. Bu tədbirin keçirilməsi enerji məsələlərində yaranan təhlükənin aradan qaldırılması və "yaşıl enerji" mənbələrinin inkişafı üçün yeni impulslar verəcək.

Tacir SADIQOV,

"Respublika".