Regional və beynəlxalq miqyasda əməkdaşlığın yeni mərhələsi
İqtisadiyyat

Regional və beynəlxalq miqyasda əməkdaşlığın yeni mərhələsi

Qardaş ölkə Türkiyə 44 günlük Vətən müharibəsində, eləcə də müharibə bitdikdən sonra da Azərbaycana dəstək olub. Bu, bir danılmaz faktdır. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 14-də qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılıb. 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 2004-cü il aprelin 12-də isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilib. Hazırda Türkiyənin Bakıda Səfirliyi, həmçinin Naxçıvan və Gəncə şəhərlərində Baş konsulluqları fəaliyyət göstərir.

Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinə əsasən möhkəm təmələ sahib olan ölkələrimiz arasında əlaqələr daha da inkişaf edir. Müasir dövrdə ölkəmizin etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi sahələri əhatə edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Yeni İpək Yolu" nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. İnşası davam etdirilən, artıq XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığın növbəti təzahürüdür. Bu layihələr iki ölkənin regional gücünü artıraraq qlobal mövqelərini möhkəmləndirir. Türkiyə və Azərbaycan arasında bu günədək bütün sahələri əhatə edən 200-dən artıq imzalanmış sənədə malik hüquq-müqavilə bazası da daim genişlənir.

Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı və 28 illik Ermənistan işğalından azad edilən qədim Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan Respublikasının müstəqillik tarixində ən önəmli hadisələrdən biridir. Bu Bəyannamə Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılmasına, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın yüksək inkişafına yol açıb.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətləri yeni dövrün reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarda öz maraqları və regionun rifahı naminə yaxından əməkdaşlıq edirlər.

Bu tarixi hadisənin Azərbaycanda Milli Qurtuluş Günündə baş verməsi heç də təsadüfi deyil. Belə ki, Şuşa Bəyannaməsindəki "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bəndi isə iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır.

Şuşa Bəyannaməsinin Azərbaycan üçün siyasi əhəmiyyət böyükdür. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.

Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan və Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və yeni mərhələyə qədəm qoyur.

Bayram SALMANOV,

"Respublika".