Birgünlük lokal antiterror tədbirləri
Siyasət

Birgünlük lokal antiterror tədbirləri

2023 -cü il sentyabr ayının 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı. Bu sürətli, peşəkar tədbirləri labüd edən səbəb isə Xocavənd rayonu ərazisində mina partlayışları nəticəsində Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 6 nəfərin həyatını itirməsi olmuşdu. Azərbaycan mina partlayışını terror aktı adlandırıb və bəyan edib ki, hadisə qanunsuz erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi nəticəsində baş verib. Bu, Ermənistanın ilk terror aktı deyil. İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günə kimi mütəmadi olaraq davam edən mina terroru nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı həlak olmuş və xeyli insan yaralanmışdır.

Azərbaycanın böyük qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsindən 3 il ötür. Bu müddətdə Azərbaycanın ciddi səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmir, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini törətməyə davam edir. Açıqlanan son məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də qalmaqda idi. Həmçinin həmin ərazilərdə xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları yerləşdirilmişdi. Niyyət isə bəlli idi: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq.

Sentyabrın 19-da düşmənin mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması bir daha onu göstərdi ki, Ermənistan çirkin əməllərindən heç bir halda əl çəkən deyil. Odur ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirləri keçirməsi onun suveren hüququdur, eyni zamanda sülh və sabitliyin bərqərar edilməsi üçün vacib addım idi.

Ermənistanın məğlub ölkə kimi imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror tədbirlərini qaçılmaz etdi.

Bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan növbəti dəfə tarixi uğura imza atdı. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırdı, qeyri-qanuni erməni silahlı dəstələri döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tərk-silah oldular. Həmçinin bütün silah-sursat və ağır texnika təhvil verilir. Bu isə erməni separatizminin iflasıdır.

 

Nurəngiz ADİLQIZI,

"Respublika".