AP seçkilərinin nəticələri və Makronun siyasi çöküşü
Siyasət

AP seçkilərinin nəticələri və Makronun siyasi çöküşü

Cari ildə diqqət mərkəzində olan bir çox siyasi proseslər içərisində Avropa Parlamentinə (AP) seçkilər də yer alır. Son günlər seçkilərdən sonra AP-dəki təsir dərəcəsinin necə dəyişə biləcəyi ilə bağlı müzakirələr aparılır. Təşkilatdakı güc balansının dəyişməsi həm "qoca qitə"də, həm də bütün dünyada qlobal siyasətdə yeni reallıqlar yaradacaq.

İyunun 6-dan 9-na qədər davam edəcək seçkilərdə Aİ-nin 27 ölkəsinin vətəndaşları 5 il müddətində fəaliyyət göstərəcək 720 deputat seçəcəklər. Avropa İttifaqı (Aİ) dövlətlərində Avropa Parlamentinin üzvləri nisbi qaydada seçilir. Bu, vahid səsvermə prosedurunun olmadığı və səsvermənin həm açıq, həm də qapalı şəkildə həyata keçirilə biləcəyi deməkdir.

Əvvəllər, partiyalar üçün 2011-ci ilə qədər beş faizlik minimum səs həddi təyin edilmişdi, lakin bu, qanunazidd hesab edilirdi. Hazırda bu minimum həddi ölkələr özləri təyin edirlər. Hər bir seçici milli partiyalara səs verir və daha sonra seçilmiş namizədlər ideologiyaya əsasən Avropa fraksiyaları arasında bölgü aparırlar. Ümumilikdə, milli partiyalar oxşar maraqları müdafiə edən qrupları dəstəkləyir.

Sonuncu seçkini 2019-cu ilin mayında keçirən qurum hazırda rüşvət qalmaqalları ilə gündəmdədir. Vətən müharibəsindən sonra, daha dəqiq desək, 2021-ci ildən bu yana Avropa Parlamenti əsassız bəhanələr gətirərək Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Pul hərisi olan parlamentarilər erməni lobbisinin oyuncağına çevriliblər. 2022-ci ildə Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul zamanı Aİ-nin bu qurumunun ölkəmizə qərəzini dilə gətirərək bildirmişdi ki, bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.

Bəli, bu, parlamentin rüşvət yuvası olduğunu demək üçün əsas səbəbdir. Həmçinin qeyd etməliyik ki, mayın 29-da Belçika polisinin AP-nin ofisində apardığı axtarışın nəticələri qurumun rüşvətə meyilli olduğunu bir daha göstərdi. Təkcə may ayı ərzində AP-nin Almaniya və Niderlanddan olan parlamentariləri ilə bağlı 3 korrupsiya faktı qeydə alınıb. Aşırı sağçı "Almaniya üçün Alternativ" Partiyasının Avropa Parlamentindəki təmsilçisinin adının "Russiangate" (raşenqeyt) korrupsiya qalmaqalında hallanması, bu partiyanın Avropa Parlamentindəki populist "İdentiklik və demokratiya" fraksiyasının sıralarından çıxarılması ilə nəticələnib.

Builki seçkilər ərəfəsində ifrat sağçılar və ultramühafizəkarlar öndə gedirlər. Fransada Marin Le Penin "Milli Birlik" partiyası prezident Makronun partiyasını böyük fərqlə üstələyir. Əsasən sağ mərkəzçilərin mövqeləri ilə bağlı yaşanan dəyişikliklər və Fransa prezidenti Emmanuel Makronun bu seçkilərdəki məğlubiyyəti, Avropa siyasətində yeni bir dönəmə işarədir. Makronun məğlubiyyəti, onun Avropa siyasətindəki nüfuzunun azalmasını təsdiqləyir. Onun yürütdüyü siyasətin yaratdığı fəsadlar Avropa Parlamenti seçkilərində özünü aydın şəkildə göstərir. Belə ki, həyata keçirdiyi islahatlar, sosial narazılıqları artırdı və bəzi milli partiyaları hərəkətə gətirdi. Bu siyasət Avropa İttifaqının gələcək inkişafı və inteqrasiyası üçün əhəmiyyətli təsirə malikdir və Avropa Parlamenti seçkilərinin nəticələrində də öz əksini tapır.

Röya RÜSTƏMLİ,

"Respublika".