Azərbaycan fəal iqtisadi əməkdaşlığa önəm verir
İqtisadiyyat

Azərbaycan fəal iqtisadi əməkdaşlığa önəm verir

Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, müasir və müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Azərbaycanın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən biridir.

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik". Bu fikirləri Prezident İlham Əliyev 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında deyib. Dövlət başçısı əminliklə qeyd edib ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Azərbaycan quruma 1992-ci ildə daxil olub, ötən müddətdə təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. İqtisadi Əməkdaşlıq Təşkilatının ötən il noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən XVI sammitində Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edəcək. Ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu Sammitdə Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Bu dəhlizlər boyu dəmiryolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi istiqamətində işlər görülür. Qeyd olunub ki, üzv ölkələrin əksəriyyətinin dənizə birbaşa çıxışı yoxdur. Eyni zamanda Asiya-Sakit okean regionu, Cənubi Asiya, Yaxın Şərq və Avropanın əsas bazarlarına qoşulan transkontinental nəqliyyat dəhlizlərinin potensialından maksimum istifadə edilməlidir. Gələcəkdə Çin-Qırğızıstan-Özbəkistan marşrutu və Trans-Əfqan yolu boyunca multimodal dəhlizlərin işə salınması bütün üzv dövlətlərin maraqlarına cavab verir.

İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağı planlaşdırır. Habelə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan Türkiyə ilə birgə 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin həyata keçirilməsi təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.

ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin tərəfdarıdır. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı quruculuq və yenidənqurma işlərinə başlayıb. Bu işdə Azərbaycan heç kimdən maliyyə dəstəyi almadan, yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır, ən müasir texnologiyalar tətbiq olunur. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib, Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzi inşa olunub. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də "qurucu lider" kimi tanınır.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən "Regional İnkişaf üçün Əməkdaşlıq" kimi yaradılıb, 1985-ci ildə genişləndirilərək təşkilat kimi yenidən formalaşdırılıb. Azərbaycandan başqa təşkilata Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması qurumun təqvimində əlamətdar gün kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, ümummilli lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin fəaliyyət istiqamətlərindən biri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir. Ölkəmiz İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə ilə regionda yeni reallıqlar yaradıb və dünya ölkələri tərəfindən qəbul olunub. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycana verdiyi önəm xüsusi qeyd edilməlidir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Təşkilatın IX və XII Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda gerçəkləşib. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində ötən il oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciəti oxunub. Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun "Yaşıl keçid və qarşılıqlı bağlantılar" olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb. Eyni zamanda Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Ötən il yanvarın 24-də Özbəkistanın Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının keçirilən 26-cı iclasında iqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmən Azərbaycana təhvil verilib.

Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir. Çünki bu reallıqlar fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf gətirəcək. Digər tərəfdən sənəddə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bu isə Azərbaycanın iqtisadi əməkdaşlıq dairəsinin genişlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin funksional iqtisadiyyatının inkişaf perspektivləri ilə də bağlı müstəsna əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Azərbaycanın regional əməkdaşlıq məsələlərinə çox böyük önəm verdiyini diqqətə çatdıraraq deyib: "...Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik...".

Mustafa KAMAL,

"Respublika".