Albert Aqarunovun vurduğu erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur
Gündəm

Albert Aqarunovun vurduğu erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur

Ermənilərin Birinci Qarabağ müharibəsində “özlərinin qələbə rəmzi” kimi Xankəndi-Şuşa yolunda yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

"Respublika" xəbər verir ki, texnika nümayiş olunması üçün parkda yerləşdirilib.

Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika oradan götürülüb.

Qeyd edək ki, həmin 442 nömrəli tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan həmin tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdiriblər.

Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulmuşdu.

Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.