Serbiya Prezidenti Qərbi beynəlxalq hüququ pozmaqda ittiham edib
Gündəm

Serbiya Prezidenti Qərbi beynəlxalq hüququ pozmaqda ittiham edib

Serbiyanın daim güzəştə getməsini tələb edən balanssız yanaşma bizi problemlərin həllinə aparmayacaq.

"Respublika" xəbər verir ki, bu fikri Serbiya Prezidenti Aleksandar Vuçiç BMT Baş Assambleyasında çıxışı zamanı səsləndirib. O, Kosovonu tanımaqla Qərbi beynəlxalq hüququ pozmaqda günahlandırıb və Serbiyanın qeyri-qanuni yollarla bölünməsi qərarının 2008-ci ildə verildiyini vurğulayıb.

“Ölkəmizi parçalamaq cəhdi 2008-ci ildə, Kosovonun müstəqilliyini birtərəfli elan etməsi ilə başladı və hələ də davam edir. Biz Serbiyadan söhbət gedəndə bu gün də BMT Nizamnaməsinin pozulmasının şahidi oluruq. BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qərarlarına hörmət etmək seçim deyil, öhdəlikdir. Demək olar ki, bütün Qərb ölkələri bu qərarları pozur. Serbiya BMT-yə üzv olan bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, - deyə Serbiya Prezidenti qeyd edib.

Aleksandar Vuçiç Serbiyanın Avropa İttifaqının vasitəçiliyi sayəsində Kosovo ilə dialoqu davam etdirmək üçün səy göstərdiyini bildirərək deyib: “Bu, bizim borcumuzdur. Dialoq o halda mümkündür ki, bütün tərəflər, eləcə də avropalı vasitəçilər razılaşdırılan məsələlərə əməl etsinlər”.