Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
Gündəm

Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var

Çətinliklər olacaq, müəyyən çağırışlar da ola bilər, bunu heç kim inkar etmir. Mühüm olan odur ki, bizim reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var. Biz reinteqrasiya haqqında danışanda Qarabağdakı ermənilərin Azərbaycanın iqtisadi, siyasi və sosial həyatına sülhməramlı reinteqrasiya modelini nəzərdə tuturuq. Eyni zamanda, biz realist olmalıyıq ki, bunu bəyənməyənlər və qəbul etməyənlər də olacaq.

"Respublika" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında deyib.

H.Hacıyevin sözlərinə görə, ermənilər Qarabağda qalmamağı qərara ala bilərlər. Belə olan halda, Azərbaycan məsuliyyət daşımamalıdır. Hər bir ölkədə milli azlıqlar var, qanun-qayda və sistem mövcuddur. İnsanlar da bunu qəbul etməli və hörmətlə yanaşmalıdırlar. “Hüquqlar təmin olunarkən müəyyən öhdəliklər və məsuliyyətlər də nəzərə alınmalıdır. Bunu qəbul etməyən, başqa ölkədə yaşamağı seçən bəzi şəxslər ola bilər. Bu, onların qərarlarıdır. Biz onların qərarlarına hörmətlə yanaşırıq”, - deyə o vurğulayıb.