Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Diaspora

Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Qars Bələdiyyəsinin və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Dərnəyinin birgə təşkilatçılığı ilə Qars Mədəniyyət İdarəsində təşkil olunmuş tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Mərasimdə açıq elan edən TADEF-in üzvü, Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Dərnəyinin sədri Nebi Arığ tədbirin əhəmiyyətindən danışıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev, Qars Bələdiyyəsinin sədri, professor Ötiken Senger və TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə post-münaqişə dövründən sonra Prezident İlham Əliyevin gündəmə gətirdiyi qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması və onların tarixi torpaqlarına dönməsi prosesinin məsələnin həllinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.

Rəsmi çıxışlardan sonra tədbir işini panel iclasla davam etdirib.

TADEF sədrinin müavini, Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Settar Kayanın moderatorluğu ilə keçirilən panel iclasında altıncı çağırış Milli Məclisin deputatı, siyasi elmlər doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, professor Hikmət Babaoğlu, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafayev, Türkiyənin Qars Qafqaz Universitetinin professorları Hacalı Nəcəfoğlu və Mustafa Kop Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə çıxış ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Valeh Hacıyev Qarsın valisi Ziya Polatla və Bələdiyyə sədri Ötügen Sengerlə görüşüb.

Görüşlərdə TADEF-in nümayəndələri P.Məmmədzadə və S.Kaya da iştirak edib.

“Respublika”.