Od içində olan Fransa mətbuata kobud münasibətilə bir daha özünü yandırdı
Dünya xəbərləri

Od içində olan Fransa mətbuata kobud münasibətilə bir daha özünü yandırdı

Bu günlərdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada baş verən iğtişaşlarla bağlı çəkiliş aparan zaman hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıb, çəkiliş apardıqları kamera əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameralarını geri almaq istəyərkən isə onları silahla hədələyiblər.

Əslində, bu hadisə ölkədə azad mətbuata olan təhdidlərdən biridir. Media nümayəndəsinin iş başında hücuma məruz qalaraq, silahla hədələnməsi Fransada mətbuata olan münasibətin göstəricisidir. Bu, təkcə Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə ümumdünya söz və ifadə azadlığına olan hücumdur. Eyni zamanda, qəbuledilməz kobudluq və barbarlıqdır.

Hazırkı məqamda onsuz da Fransa qaynayır. Ölkədə iğtişaşlar, münaqişələr səngimək bilmir. Xalq tapdanan hüququnu tələb edir. Sosial, siyasi problemlər getdikcə daha da dərinləşir. Fransa dövlətinin yarıtmaz siyasəti haqlı olaraq insanların narazılığına səbəb olur. Artıq ölkədə hadisələr  məcrasından çıxıb. Əlbəttə ki, baş verənlər dünya mətbuatının diqqət mərkəzindədir. Dünyanın bütün aparıcı mətbu orqanları hər gün Fransada baş verən iğtişaşlarla bağlı  reportajlar yayımlayır, aksiyaları işıqlandırmağa çalışırlar. Eyni zamanda da Azərbaycan mətbuatı.

Hələ 2020-ci ildə Azərbaycanda Vətən müharibəsi getdiyi zaman dünyanın media nümayəndələrinin gözü ölkəmizdə idi. Hamı müharibənin gedişatını izləyir və işıqlandırırdı. Münaqişə zonasından hazırlanan reportajlarla yanaşı, ölkə başçısı İlham Əliyev 30-a yaxın xarici media orqanına maraqlı diplomatik müsahibələr verdi. Əslində, bu, Azərbaycan dövlətinin, onun rəhbərinin mətbuata dəyəri idi. Düzdür, Qərbin bəzi media orqanları öz ermənipərəst mövqelərini nümayiş etdirərək məsələni başqa səmtə yönəltmək istədilər. Onların arasında fransızlar da var idi, öz ermənipərəst mövqeləri ilə erməni lobbisinin maraqlarını müdafiə edirdilər. Məsələn, Fransanın "Figaro" qəzetinin əməkdaşı Prezident İlham Əliyevdən müsahibə alan zaman ermənilərin maraqlarına uyğun  suallar ünvanlamışdır. O suallardan biri belə idi: "Cənab Prezident,  nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz  və bu hərbi hücumun siyasi məqsədləri nədir?". Aydın məsələdir ki, burada jurnalist tam təşkilatlanmış şəkildə kimlərinsə maraqlarından çıxış edirdi. Əsas məsələ isə ondan ibarətdir ki, əslində bu hadisə və yaxud da jurnalistin təxribatçı mövqeyi Fransa mətbuatının səviyyəsi idi.

Onu da deyək ki, fransızlar həmin məqamda böyük yanlışlığa yol verməklə fiaskoya uğradılar. Çünki Azərbaycan dövlət başçısının diplomatik cavabları onları mat vəziyyətinə saldı. Məsələnin mahiyyəti ondan ibarətdir ki, vəziyyətin nədən ibarət olmağından asılı olmayaraq, media üçün sərbəstlik və azadlıq olmalıdır. Biz isə öz müqayisəmizlə Fransaya bir mesaj ötürmək istəyirik ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan və onun dövlət başçısı bütün media mənsublarına qarşı diqqətli və səbirli oldu. Təxribat və provakasiya yönlü suallara olduqca səbir və savadla yüksək səviyyəli münasibət göstərdi. Amma bu gün Fransa daxilində baş verən münaqişəyə mətbuatın yanaşmasını qəbul etmir və öz hiddətini media nümayəndələrinə ünvanlayır. Bu, yolverilməz kobudluq,  barbarlıq səviyyəsinin göstəricisidir.

Ramidə YAQUBQIZI, 

"Respublika".