DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİN: ABŞ RUSİYA İLƏ AVROPANIN ARASINI VURUB MƏQSƏDİNƏ ÇATDI

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynadakı vəziyyətlə bağlı Qərblə danışıqlara hansı şərtlə hazır olduğunu açıqlayıb. “TASS” agentliyinin xəbərinə görə, o, bu barədə Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bəyan edib.

Vladimir Putin bildirib ki, bu, Moskvanın maraqlarına uyğun olmalıdır.

Eyni zamanda, Rusiya lideri qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Kreml üçün təkcə indi yox, gələcəkdə də qəbuledilməz olacaq. Prezident vurğulayıb ki, Rusiya Avropa və NATO ilə döyüşmək niyyətində deyil.

Dövlət başçısının sözlərinə görə, Rusiya həmişə Ukrayna ilə normal münasibətlər qurmağa çalışıb. O, qeyd edib ki, Ukraynanın suverenliyinin və bütövlüyünün yeganə təminatçısı Rusiya olub. Prezident əlavə edib ki, tarix hər şeyi öz yerinə qoyacaq və Rusiya buna müdaxilə etməyəcək, lakin “özünə aid olanı da verməyəcək”.

“ABŞ qəsdən bizi və Avropanı bu münaqişəyə sürüklədi, bu mənada məqsədinə çatdı - Rusiya ilə Avropanın arasını vurdu. İndi onlar maliyyə məsuliyyəti və ödəniş yükünü Avropanın üzərinə atır və qitənin iradəsiz nəsli buna müqavimət göstərə bilmir”, - deyə Vladimir Putin bildirib.

PENTAQON QIRMIZI DƏNİZDƏ ƏMƏLİYYATA BAŞLAYIB

Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyatın başlandığını açıqlayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Pentaqonun saytında məlumat verilib.

Məlumata əsasən, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər əməliyyatda iştirak edəcək.

Müdafiə naziri açıqlamasında vurğulayıb ki, əməliyyat Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin ticarət gəmilərinə hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

Eyni zamanda xəbər verilir ki, hazırda Avropa İttifaqı Qırmızı dənizdə hüsilərin hücumlarına beynəlxalq cavabın verilməsini tərəfdaşları ilə müzakirə edir.

Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

BMT MYANMA İLƏ BAĞLI AÇIQLAMA YAYIB

Birləşmiş Millətlər Təşkilatı Myanmada dövlət çevrilişindən sonrakı 3 il ərzində humanitar vəziyyətin ciddi dərəcədə pisləşdiyinə diqqət çəkib. “TRT” telekanalının verdiyi xəbərə görə, BMT Myanma üçün 2024-cü il Humanitar Ehtiyaclar və Fəaliyyət Planını açıqlayıb.

Bildirilir ki, Myanmada 18,6 milyon insanın humanitar yardıma ehtiyacı var ki, bu da cəmiyyətin üçdə birinə bərabərdir. Böhranın ən ağır yükünü isə uşaqlar çəkir. 6 milyon uşağın köməyə ehtiyacı var.

Məlumata görə, iqtisadi vəziyyət ailələrə ciddi maliyyə yükü yaradıb. Kənd təsərrüfatında yaşanan problemlər, yüksək inflyasiya ilə əlaqədar ərzaq qıtlığı vəziyyəti daha da acınacaqlı hala gətirib çıxarıb.

Açıqlamaya əsasən, Myanmada humanitar vəziyyət, xüsusilə, qadınlar, qızlar, əlillər və rohincalılar (arakanlılar) arasında fəlakətli vəziyyət alıb.

Qeyd edilir ki, ölkədə artan ehtiyaclar qarşısında təcili yardım üçün 994 milyon dollara ehtiyac var. Həmçinin ilkin mərhələdə 5,3 milyon təcili ehtiyac sahibi müəyyən edilib.

İTALİYANIN DÖVLƏT ORQANLARI KİBERHÜCUMA MƏRUZ QALIB

İtaliya dövlət orqanlarının informasiya sistemləri irimiqyaslı kiberhücumlara məruz qalıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbər verilir ki, kiberhücumların “Lockbit” haker qrupu tərəfindən həyata keçirildiyi ehtimal edilir. Virusun verilənlər bazasının şifrəsini qırdığı və hakerlərin ödəniş tələb etdiyi açıqlanıb.

İtaliyanın “La Repubblica” qəzeti zərərin miqyasının hələ hesablanmadığını yazıb. Nəşr haker qrupunun əməkhaqqı və elektron hesab sistemlərinə daxil olduğunu qeyd edib.

Məlumata əsasən, hazırda İtaliyanın Milli Kibertəhlükəsizlik Agentliyinin texniki mütəxəssisləri məsələnin araşdırılması ilə məşğuldur.

ŞİMALİ KOREYA LİDERİ ABŞ-I HƏDƏLƏYİB

Şimali Koreya lideri Kim Çen In ABŞ-ı “daha aqressiv hərəkətlərlə” hədələyib. “TRT” telekanalının Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına  istinadən bildirib ki, Kim Çen In dekabrın 18-də artıq üçüncü sınağı keçirilən “Hvason-18” qitələrarası ballistik raketinin sınağını izləyib.

Agentliyin xəbərinə görə, Kim Çen In Pxenyanın strateji və əsas hücum vasitələrinin etibarlılığını bir daha təsdiqləyən sınaqdan çox məmnundur.

Sınağın ABŞ-ın “səhv qərarı zamanı ölkəsinin necə reaksiya verə biləcəyini göstərdiyini” qeyd edən Kim Çen In “düşmənin ehtiyatsız və məsuliyyətsiz hərbi təhdidlərinə daha aqressiv hərəkətlərlə sərt cavab verin” mesajını verib.

Məlumata görə, ballistik raket 6518 kilometr maksimum uçuş hündürlüyündə 1002 kilometr məsafəni 4415 saniyəyə qət edib.

Şimali Amerika materikini vura biləcək məsafədə hazırlandığı iddia edilən “Hvason-18” ballistik raketi ölkənin ən güclü silahı hesab edilir.

“BP” ŞİRKƏTİNİN RƏHBƏRİ VƏZİFƏSİNƏ ÜÇ NAMİZƏD İRƏLİ SÜRÜLÜB

“BP” şirkətinin gözlənilmədən istefa verən baş icraçı direktoru Bernard Luninin yerinə şirkətin daxilində üç namizədin olduğu bildirilir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə şirkətdəki mənbələrə istinadən “Röyters” agentliyi məlumat yayıb.

Bildirilir ki, “BP”nin yeni baş icraçı direktoru bu vəzifəni müvəqqəti olaraq icra edən Mürrey Okinkloss ola bilər. Həmçinin şirkətdə iki yüksək vəzifəli qadının namizədliyi də irəli sürülüb.

Xatırladaq ki, “BP”nin keçmiş rəhbəri Bernard Luni sentyabrın 12-də istefa verib. Mənbələrin bildirdiyinə görə, şirkətin sədri Helge Lundun rəhbərliyi altında fəaliyyət göstərən komitə bütün prosesləri idarə edir. Məlumatda, həmçinin kənar namizədlərin də nəzərdən keçirilə biləcəyi qeyd olunub.

Bununla yanaşı, agentliyin açıqlamasına görə, daxili təyinat həm də 2030-cu ilə qədər neft və qaz hasilatı ilə yanaşı, karbon emissiyalarını azaltmaq, bərpa olunan mənbələri artırmaq və yanacaq tutumunu təmizləmək məqsədi daşıyan “BP”nin cari strategiyasını davam etdirmək üçün komitənin dəstəyinə arxalanacaq.

UNO HAQDA MƏLUMATLAR MƏXFİLİKDƏN ÇIXARILIR

ABŞ Konqresi uçan naməlum obyektlər (UNO) haqqında məlumatların məxfilikdən çıxarılmasına icazə verən qanun layihəsini dəstəkləyib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, qanun ABŞ prezidenti Cozef Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yenilik naməlum anomal hadisələrə, naməlum mənşəli texnologiyalara və qeyri-insani intellektə aid olan dövlət sənədlərinin ictimaiyyətə açıqlanacağını nəzərdə tutur. Sənədlər yaradıldıqdan sonra 25 il ərzində dərc edilməlidir.

Bildirilir ki, Konqres tərəfindən qəbul edilən qanun layihəsinin son versiyası, prezidentin milli təhlükəsizliyə təhdid olduğuna qərar verəcəyi təqdirdə məlumatın yayımlamamasına imkan verən bənd əlavə edib.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin onilliklər ərzində naməlum uçan obyektləri axtaran xüsusi məxfi şöbəsi fəaliyyət göstərib.

Hazırladı: Vamiq ABBASOV,

“Respublika”.