Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ZELENSKİ: ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİN QARŞISINI ALA BİLƏRİK

“Hələ də sülh mümkündür, üçüncü dünya müharibəsinin qarşısını ala bilərik”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib. Dövlət başçısının sözlərinə görə, nə qədər ki, dünya xalqları həmrəylik göstərir, bu, mümkündür.

Eyni zamanda, Volodimir Zelenski qeyd edib ki, müharibə başa çatanadək Ukraynaya dəstək lazımdır: “Nə qədər ki, savaş davam edir, bizə ayrılan yardım kifayət etməyəcək. Bu müharibə başa çatdıqdan sonra biz ölkəmizin bərpası, insanların tibbi və psixoloji reabilitasiyası ilə məşğul olacağıq”.

Bununla yanaşı, dövlət başçısının sözlərinə görə, indi Kiyevin qalib gəlməsi çox vacibdir: “Ukraynanın qələbə qazanması bizim dünya və Avropa dəyərlərini qorumağımız deməkdir”. Prezident həmçinin bildirib ki, Ukraynaya ən çox kömək edən dövlət ABŞ-dır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

 

İRANDA HİCAB QAYDALARI DAHA DA SƏRTLƏŞDİRİLİR

İranda hicaba dəstək layihəsi çərçivəsində, hicabsızlara hər hansı güzəşt nəzərdə tutulmayacaq, lazım gəldiyi halda pasportları əllərindən alınacaq. “Trend” agentliyinin məlumatına görə, bu barədə İran parlamentinin mədəniyyət komitəsinin üzvü Əmir Hüseyn Bankipur ölkə parlamentində hazırlanan “hicab mədəniyyətinin inkişaf etdirilməsi yolu ilə ailəyə dəstək” layihəsi ilə əlaqədar açıqlamasında bildirib.

Parlament rəsmisinin sözlərinə görə, hicabla əlaqədar layihə təsdiqləndikdən sonra Daxili İşlər Nazirliyinə təqdim olunacaq. İranın Daxili İşlər Nazirliyi ölkədə orqanlara nəzarət edir və hər hansı qanunsuzluq baş verərsə, sərt cəzalar nəzərdə tutulub.

Bununla yanaşı, Bankipur əlavə edib ki, hicaba riayət etməyənlərin 80-90 faizi ilk cəza tədbirlərindən sonra geri çəkilirlər. Hicaba riayət etməyənlərə qarşı ilkin cərimə olaraq 60-240 milyon rial (təxminən 1,42 min - 5,7 min dollar) nəzərdə tutulub. Hicab qarşısında məqsədli şəkildə inadkarlıq edən şəxslərin dərhal saxlanılması və həbs olunması nəzərdə tutulub.

 

AĞ EV MEDVEDEVİN NÜVƏ SİLAHI İLƏ BAĞLI FİKİRLƏRİNƏ MÜNASİBƏT BİLDİRİB

Ağ ev Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin Ukraynanın əks-hücumunda uğur qazanacağı təqdirdə Moskvanın nüvə silahına əl atacağı ilə bağlı iddiasını tənqid edib. “Report” agentliyinin “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu ritorikanı “ehtiyatsızlıq və məsuliyyətsizlik” adlandırıb.

“Ukraynada və ya başqa yerlərdə nüvə silahının istifadəsi bütün dünya üçün fəlakət olmaqla yanaşı, Rusiya üçün ciddi nəticələrə səbəb ola bilər", - deyə ABŞ prezidentinin müşaviri vurğulayıb.

Ceyk Sallivan əlavə edib ki, indiyə qədər ABŞ Rusiyanın nüvə silahı istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görməyib.

“Biz bunu yaxından izləməyə davam edirik, lakin onun nüvə siyasətini dəyişmək üçün heç bir səbəb görmürük, nə də Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət müşahidə olunmur”, - deyə Sallivan bildirib.

 

MƏŞHUR VEQAN QİDALANMA TƏRƏFDARI ACLIQDAN ÖLDÜ

Veqan qidalanma tərəfdarı olan 39 yaşlı sosial media fenomeni Janna Samsonova Cənub-Şərqi Asiyaya səfəri zamanı yalnız ekzotik meyvələrlə qidalandığı üçün dünyasını dəyişib. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Janna Samsonovanın yaxınları onun iyulun 21-də “aclıqdan” öldüyünü açıqlayıblar.

Sosial mediada veqan qidalanmasını təbliğ edərək milyonlarla izləyici toplayan Jannanın Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada vəfat etdiyi qeyd olunur.

Samsonovanın anası isə qızının ölümünü “vəbaya bənzər infeksiya” ilə əlaqələndirib, lakin meyitin ekspertiza nəticəsinin hələ açıqlanmadığını vurğulayıb.

Bişirilməmiş göyərtilərdən hazırlanan yeməklərə üstünlük verdiyi deyilən Samsonovanın son 4 il ərzində “tamamilə çiy veqan pəhrizi” saxladığını və yalnız günəbaxan tumu cücərtiləri və meyvələrlə qidalandığı iddia olunur.

 

DANİMARKA VƏ ISVEÇDƏN GERİ ADDIM

İslam dünyasında kütləvi etirazlardan sonra Danimarka Qurani-Kərimin yandırılması aksiyalarını qanunvericilik səviyyəsində məhdudlaşdırmaq imkanını nəzərdən keçirir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hökumət gələcəkdə digər mədəniyyətlərin və dinlərin təhqir olunması ilə müşayiət edilən Qurani-Kərimin yandırılması səbəbindən baş qaldıran etirazların qarşısını almaq üçün sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq imkanını nəzərdən keçirir. Bu etirazlar xüsusilə təhlükəsizlik nöqteyi-nəzərdən Danimarka üçün ciddi fəsadlara yol aça bilər.

Eyni zamanda, İsveçin baş naziri Ulf Kristersson danimarkalı həmkarı ilə Qurani-Kərimin yandırılmasına qarşı birgə addımların atılmasını müzakirə etdiyini bildirib. “Biz İkinci Dünya müharibəsindən bəri təhlükəsizlik sahəsində ən ciddi vəziyyətlə qarşılaşırıq və bundan istifadə etmək istəyən dövlətlər və ya ayrı-ayrı şəxslər olaraq müəyyən subyektlər mövcuddur. Mən nələrin baş verə biləcəyindən çox narahatam”, - deyə baş nazir əlavə edib.

İsveçin baş naziri həmçinin, müsəlmanların müqəddəs kitabını təhqir etməklə bağlı bu həftə səslənən yeni çağırışları nəzərə alaraq yüksək riskli vəziyyət barədə xəbərdarlıq edib.

 

BAXMUT İSTİQAMƏTİNDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

Ukrayna Ordusu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında əks-hücum əməliyyatını davam etdirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Eyni zamanda, açıqlamaya əsasən, Ukrayna qoşunları Liman və Kupyansk istiqamətlərində Rusiya qüvvələrinin irəliləməsini dayandırıb.

Məlumata görə, hazırda Baxmut istiqamətində şiddətli döyüşlər gedir. Bildirilir ki, Rusiya qoşunları ehtiyatlardan istifadə edir və güclü müqavimət göstərir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il başlayıb. 10 aydan çoxdur ki, Baxmutda vəziyyət gərgindir. Şəhərin mərkəzi Rusiya qoşunlarının nəzarətindədir.

 

ÇİN DRON İXRACINI MƏHDUDLAŞDIRIR

Çin hakimiyyəti alıcıların onları hərbi məqsədlər üçün istifadə edə biləcəyi narahatlığına görə uzun mənzilli mülki dronların ixracına məhdudiyyətlər qoymaq qərarına gəlib. Bu barədə “Associated Press” agentliyi  Çin Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verib.

“Bəzi yüksək səmərəli mülki pilotsuz təyyarələrin hərbi məqsədlər üçün yenidən təchiz oluna bilməsi riski artır”, - deyə nazirliyin açıqlamasında vurğulanır.

Məlumata əsasən, tədbirlər telziklə qüvvəyə minəcək, lakin Ticarət Nazirliyi hansı məhdudiyyətlərdən söhbət getdiyini açıqlamayıb. Eyni zamanda, onlar havada 30 dəqiqədən çox qala bilən, yüklərini yerə ata bilən və çəkisi 7 kiloqramdan çox olan dronlara aid olacaq.

Bununla yanaşı, nazirlik qeyd edib ki, Ukrayna böhranı başlayandan bəzi Çin pilotsuz uçuş aparatları şirkətləri könüllü olaraq münaqişə zonalarında fəaliyyətini dayandırıblar.

Nazirlik həmçinin bildirib ki, hər zaman mülki PUA-ların hərbi məqsədlər üçün istifadəsinə qarşı çıxıb və Qərb mediasını Çinin dron ixracı ilə bağlı yalan məlumat yaymaqda ittiham edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.