İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Turnirə yekun vurulub

Su İdman Sarayında "BAKU WINTER CUP - 2022" mini su polosu turnirinə yekun vurulub. Yarışlar Bakıdakı Rus Evinin dəstəyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Qarabağ" vaterpol klubunun təşkilatçılığı ilə keçirilib.

Yarışlarda 12-15 yaş arası yeniyetmələr iştirak edib. Nəticələrə görə, "SKA" komandası birinci, "145 qrup" kollektivi ikinci, "RYIUM" komandası isə üçüncü yerə layiq görülüb.

 

Qızlar üçün cüdo klubu

Azərbaycan Cüdo Federasiyası ilk dəfə pilot layihə kimi ancaq qız idmançıların cüdo idman növü ilə məşğul olduğu klubun yaradılmasına dəstək verib. Xətai rayonunun Əhmədli qəsəbəsində fəaliyyət göstərən klubda hazırda 40 yeniyetmə qız ödənişsiz cüdo ilə məşğul olur. Dərslər dünya və Avropa mükafatçısı Kifayət Qasımova və paracüdo üzrə dünya və paraolimpiya çempionu Afaq Sultanova tərəfindən keçirilir.

Qeyd edək ki, federasiyanın əsas fəaliyyət istiqamətlərindən biri ölkədə qızlar arasında cüdonun kütləviləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçularımızın təmsilçiliyini artırmaqdır.

 

Karateçilərimizin cari ildəki uğurları

Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2022-ci ili uğurlu başa vurub. Milli komandanın üzvləri il ərzində yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa və dünya çempionatında, həmçinin V İslam Həmrəyliyi Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edib.

Cari ildə idmançılarımız 159 medal qazanıb ki, bunlardan 63-ü qızıl, 37-si gümüş, 59 medal isə bürüncdür. İdmançılarımız Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasının rəsmi yarışlarında olan Gənclər Liqasında 2 qızıl, 2 gümüş, 2 bürünc, Seriya A turnirində 1 qızıl, 1 gümüş, 4 bürünc, Premyer Liqada 4 qızıl, 3 gümüş, 5 bürünc, müxtəlif mötəbər beynəlxalq yarışlarda isə 18 qızıl, 7 gümüş və 15 bürünc medal qazanıblar.

Həmçinin yeniyetmə və gənclərin Avropa çempionatında 3 qızıl, 2 bürünc, bu yaş qrupları üzrə dünya çempionatında 2 qızıl və 2 bürünc medala sahib olublar. Böyüklər Avropa çempionatında 1 gümüş, 2 bürünc, eləcə də parakarate üzrə qitə çempionatında 2 qızıl, 1 gümüş, V İslam Həmrəyliyi Oyunlarında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Milli komandanın üzvləri Dünya Şotokan Federasiyasının (WSF) Avropa çempionatında 17 qızıl, 11 gümüş, 18 bürünc, dünya çempionatında isə 13 qızıl, 9 gümüş və 6 bürünc medala sahib olublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".