Bonnda COP29-a hazırlıq işləri barədə təqdimat keçirilib
COP29

Bonnda COP29-a hazırlıq işləri barədə təqdimat keçirilib

Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində COP29 Əməliyyat Şirkəti tərəfindən COP29-a hazırlıq işləri haqqında əsas məlumatların təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda logistika, viza və qonaqlama, həmçinin Mavi və Yaşıl zonalar haqqında məlumatlar təqdim olunub.

Təqdimat mərasimində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, Azərbaycan qısa zamanda COP-a ev sahibliyi etmək məsuliyyətini öz üzərinə götürüb və indi hazırlıq prosesi tam sürətlə gedir. Belə ki, COP29 Əməliyyat Şirkəti əhəmiyyətli irəliləyiş əldə edib və Bakı dünya səviyyəli tədbiri keçirməyə tam hazır olacaq.

M.Babayev deyib ki, Azərbaycan bir çox digər qlobal tədbirlərin ev sahibi kimi qazandığı təcrübəni, eləcə də COP-larda əldə olunan məlumatları hazırlıq prosesində tətbiq edir. Azərbaycan Bakıya üz tutacaq on minlərlə qonağı ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılamağı səbirsizliklə gözləyir.

Azərbaycanın bu tarixi məsuliyyəti öz üzərinə götürməsindən və iqlim diplomatiyasına unikal töhfə vermək niyyətindən bəhs edən M.Babayev Prezident İlham Əliyevin iqlimlə bağlı tədbirlərin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bütün dünya kimi, Azərbaycan da iqlim dəyişikliyinin mənfi təsirləri ilə üzləşir və qlobal iqlim fəaliyyətinə töhfə vermək məsuliyyətini qürurla öz üzərinə götürüb. Azərbaycan şəffaf, fəaliyyətyönümlü, qonaqpərvər və inklüziv ev sahibi olacaq.

Sonra COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova komandası ilə birlikdə iştirakçılara logistika və əməliyyat hazırlıqları haqqında məlumat verib. Bildirilib ki, hazırlıqlara lazımi obyektlərin tikintisi, tədbir iştirakçılarının səfərini asanlaşdırmaq və Bakıdakı konfransın ümumi məqsədlərini dəstəkləmək üçün müxtəlif əməliyyat funksiyaları üzrə geniş logistika planları daxildir.

N.Carçalova təqdimatında COP29-un keçiriləcəyi əraziyə giriş, Mavi və Yaşıl zonalar, pavilyonlar və nümayəndə heyətləri üçün ofis sahələri, mühüm tarixlər, dünya liderləri üçün logistik hazırlıqlar, tədbir iştirakçıları üçün təqdim olunacaq xidmətlər və xüsusi elektron viza sistemi barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra Əməliyyat Şirkətinin məsul əməkdaşları tədbir iştirakçılarının COP29-da iştirakla bağlı suallarını cavablandırıb, bir sıra məsələlərə aydınlıq gətirib və yaradılan şəraitlə bağlı vacib izahatlar veriblər.