MƏDƏNİYYƏT XƏBƏRLƏRİ
Region

MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

Lənkəran

Qəni Camalzadə orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olur. İlk hekayəsi 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Sonralar “Azərbaycan”, “Ulduz”, “Kirpi” və digər jurnallarda, “Yeni səslər” almanaxında hekayə və satirik yazıları işıq üzü görüb.

1985-ci ildən başlayaraq “Yaxşı oğlanın dayısı”, “Sonuncu yeznə”, “Qohumların əsiri” hekayə kitabları, “Qızıl xotuğ”, “Karxana”, “Kiaksarın axırıncı savaşı”, Şeytana daş atanlar” romanları ilə oxucuların görüşünə gəlib.  Əsərləri rus və ingilis dillərinə tərcümə edilərək Moskvada, Amerikanın Nyu-York şəhərində çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin  təşkilatçılığı ilə istedadlı yazıçı-publisist Hacı Qəni Camalzadənin oxucularla görüşü və imza günü keçirilib.

Tədbir iştirakçıları əvvəl Lənkəran şəhərindəki Şəhidlər xiyabanını, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general mayoru olan Həzi Aslanovun və Azərbaycanlıların soyqırımı abidələrini ziyarət ediblər. Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin akt zalında keçirilən tədbiri Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli açaraq istedadlı qələm sahibi Hacı Qəni Camalzadənin ömür yolu və yaradıcılığı barədə məlumat verib.

Əməkdar jurnalist, yazıçı-publisist İdris Şükürlü şairlərdən Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Yəhya, Əyyub Türkay, yazıçı Eldar Tahirov, İdrak Dadaşov, Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, müharibə veteranı Saleh Dostiyev və başqaları yazıçı haqqında ürək sözlərini söyləyib, onun özünəməxsus, orijinal üslubda yazıb-yaratdığını, məhsuldar qələm sahibi olduğunu qeyd ediblər.

Masallı

Masallı Ziyalıları İctimai Birliyinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı əsasında Gənclər Evində respublikamızın Əməkdar jurnalisti, istedadlı yazıçı, tərcüməçi, tanınmış pedaqoq Zakir Abbasın 75 illiyi ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yazıçının ömür yolundan bəhs edən “Gələcəyə aparan yol” adlı sənədli film nümayiş olunub.

İqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir yubilyarın həyatından, çoxşaxəli yaradıcılığından ətraflı söhbət açıb: “Zakir Mahmud oğlu Abbasov (Zakir Abbas) 1948-ci ildə Masallı rayonunun Kosakül kəndində doğulub. Orta təhsilini Masallı şəhərindəki N. Nərimanov adına 2 saylı tam orta məktəbdə alıb. 1974-cü ildə M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. Orta təhsil aldığı doğma məktəbdə üç il müəllim işləyib. Sankt-Peterburq şəhərində ikiillik Ali Jurnalistika Kursunun müdavimi olub.  

Mədəniyyət Nazirliyində, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. “Ocaq” xalq yaradıcılığı televiziya toplusu, “Hücrə”, “Ağ qoç-qara qoç”, “Meydan” və digər verilişlərin müəllifi və aparıcısı olub. Moskvada və Kiyevdə keçirilən Azərbaycanın mədəniyyəti və incəsənəti günlərinin, Maxaçqalada və Qırmızı Körpüdə təşkil olunan Qafqaz xalqlarının folklor bayramlarının ssenari müəllifi və teleaparıcısı olub.

Azərbaycan Demokratik Jurnalistlər Liqasının həmtəsisçisi və birinci katibidir. Zakir Abbas 300-dən artıq publisistik məqalənin, “Məad” və “Dərəbəylik” adlı telepyeslərin, “Televiziya jurnalistikası” və “Ekran publisistikası” tədris proqramlarının müəllifidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir.

Təbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nizami Əsədov, kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli, kafedra müdiri, professor, respublikanın Əməkdar artisti Azad Şükürov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov Zakir Abbasın cəsarətli qələm sahibi, istedadlı jurnalist, və qayğıkeş ailə başçısı kimi yüksək dəyərlərə sahib olduğunu qeyd ediblər.

Əlisəfa Həsənov,

“Respublika”.