Sahələr payızlıq taxıl əkininə hazırlanır
Region

Sahələr payızlıq taxıl əkininə hazırlanır

Ağsu

Aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Bu sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib.

Xüsusilə, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və mütərəqqi dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar, iri fermer təsərrüfatları təşkil edilir. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə geniş zəmin yaradıb.

Azərbaycan Prezidentinin 19 iyul 2022-ci il tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanında ölkədə bu sahənin inkişafı üçün aqrar sektorun qarşısında vacib vəzifələr qoyulub. Dövlət başçısının tapşırığına əsasən Ağsu rayonunda da böyük işlər görülür.

Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynov bildirdi ki, torpaq mülkiyyətçiləri taxılçılığın inkişaf etdirilməsinə həmişə yüksək münasibət göstərirlər. 

Məhsuldarlığı artırmaq üçün il ərzində 7973 hektar sahədə gəmiricilərə, 9622 hektar sahədə alaq otlarına və 159.1 hektar sahədə xəstəlik və ziyanvericilərə qarşı mübarizə aparılmışdır. Gübrə və pestisid təchizatında heç bir problem olmamışdır. Aparılmış monitorinq və keçirilmiş görüşlər zamanı taxıl əkinlərində aqrotexniki işlərin yerinə yetirilməsi ilə əlaqədar istehsalçılar arasında təbliğat və təşviqat işləri aparılmış və ehtiyac olan sahələrdə xəstəliklərə, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri görülmüşdür.

2023-cü il iyun ayının ortalarından etibarən taxıl biçinindən sonra təkrar əkinlərə başlanılmışdır. Rayon ərazisində 784.48 hektar sahədə təkrar əkinlər aparılmışdır ki, bunun da 583.87 hektarını qarğıdalı, 158.68 hektarını sorqo, 23.14 hektarını günəbaxan və 18.79 hektarını isə darı bitkiləri təşkil edir. Təkrar əkinlərə görə nəzərdə tutulan subsidiya fermerlərin hesablarına köçürülmüşdür.

Qeyd olundu ki, 2024-cü ilin məhsulu üçün 34 000 hektar sahədə taxıl əkinləri proqnozlaşdırılır ki, bunun da 4300 hektarı dəmyə, qalanı isə suvarılan sahələrdir. Dəmyə sahələrin 1950 hektarında arpa, 2350 hektarında buğda, suvarılan sahələrin 15200 hektarında arpa və 14500 hektarında isə buğda əkini nəzərdə tutulub. Oktyabr ayının əvvəlinə qədər proqnozlaşdırılan payızlıq taxıl əkinləri üçün 31350 hektar sahədə şum aparılmışdır. Şumun ləngiməsinə səbəb sahələrin yazlıq və təkrar əkinlər altında olmasıdır. Məhsul toplanışından sonra həmin sahələr də şumlanaraq payızlıq taxıl əkininə hazırlanacaq.

Növbəti ilin məhsulu üçün əkinlərin bəyanları qeydiyyata alınaraq təsərrüfatı genişləndirmək üçün fermerlərə hər cür dəstək göstərilir.

M.NƏRİMANOĞLU,

"Respublika".