“Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru”
Region

“Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru”

Göygöl

Göygöl Rayon İcra Hakimiyyətinin və Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə Göygöl Gənclər Evində ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik – COP29-a doğru” adlı tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Qocayev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi əlamətdar və qürurverici hadisələrdir. A.Qocayev Göygöl rayonunda ətraf mühitin qorunması sahəsində görülən işlərdən ətraflı söhbət açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayevin ölkəmizdə ekoloji vəziyyət və “COP29-a aparan yol”, dosent F.Hümbətovun “İşğaldan azad olunmuş ərazilərdə Radioekoloji vəziyyət”, Radiasiya Problemləri İnstitutunun təhsil şöbəsinin müdiri Nərmin Quliyeva “Göygöl ekosistemi və Göygöl Milli Parkı”, mühəndis N.Heydərovun “Mobil ekoloji monitorinq aparatları” mövzuları haqqında ətraflı çıxış ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.