Avropaya açılan pəncərə
İqtisadiyyat

Avropaya açılan pəncərə

31 dekabr 2020-ci il Azərbaycan tarixində əlamətdar hadisə kimi qeyd olunur. Həmin vaxt ilk dəfə olaraq Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP) vasitəsilə Azərbaycandan istehsal olunan kommersiya qazı boru kəmərləri ilə Avropaya nəql olunmağa başlayıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. 2020-ci il noyabrın 15-də istismara verilən TAP həmin ildən etibarən kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Bu boru kəməri vasitəsilə 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə isə 11,4 milyard kubmetr təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırılıb. Regionun və qoca qitənin enerji təhlükəsizliyini təmin edən Cənub Qaz Dəhlizinin əsas məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Hələ 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalamışdı. Bundan sonra 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi olub və qeyd olunduğu kimi, Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb. Avropa bazarlarına ötürülən qaz ölkə iqtisadiyyatının genişlənməsi üçün olduqca vacibdir. Çünki buradan əldə olunan gəlir dövlət büdcəsinin artımında xüsusi paya sahibdir.

TAP vasitəsilə Yunanıstan, Bolqarıstan və İtaliya bazarlarına çatdırılan təbii qaz Avropanın enerji təhlükəsizliyində əsas aktora çevrilib. Bununla da, Avropa ölkələri yeni mənbədən alternativ marşrut üzərindən təbii qaz əldə edirlər ki, bu da digər bazarlardan asılılığı aradan qaldırır. Plana görə 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaqdır. Lakin hələ də səngimək bilməyən Rusiya-Ukrayna müharibəsi Avropanın Azərbaycan təbii qazına olan marağını daha da artırmış oldu. Bu məqsədlə 2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalandı. Müqaviləyə görə 2023-cü ildə qaz nəqlinin həcminin 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

TAP-ın digər bir üstünlüyü də onun digər bazarlara ötürülməsinin əlverişli olmasıdır. Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatan boru kəmərinin çıxış nöqtələri Azərbaycan qazının digər ölkələrə nəqlinə geniş imkanlar yaradır. Həmçinin Yunanıstan-Bolqarıstan interkonnektorunun açılması da Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın Bolqarıstana təchizinə başlamağa imkan yaradıb. Bu cür interkonnektorlar dəhlizin genişləndirilməsinə zəmin yaradır. Azərbaycan ilə Macarıstan və Rumıniya arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunun imzalanması tərəfdaş ölkələrin sayının daha da artmasına səbəb olub. Bu da ölkəmizə olan inam və etimadın göstəricisi hesab olunur. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqu da buna əyani sübutdur.

Musa BAĞIRLI,

"Respublika".