Xocalı həqiqətləri dünyaya çatdırılacaq
Gündəm

Xocalı həqiqətləri dünyaya çatdırılacaq

Prezident İlham Əliyev 26 fevral 2024-cü il tarixdə Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdur. Bu abidə memorial olmaqla yanaşı, həm də bəşəri cinayət kimi soyqırımı həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq və 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecədə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı terrorçu hərəkətlər bölmələrdə yer alacaq. Eyni zamanda Xocalının maketi, videomateriallar, sənədlər, maarifləndirici məlumatlar təqdim ediləcək. Soyqırımının miqyası, haqqında ətraflı bilgilər veriləcək və dünyanın ən dəhşətli hadisələrindən biri olan Xocalı həqiqətləri xalqa və ziyarətçilərə çatdırılacaq.

Xocalıda 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvvələri böyük bir faciəvi soyqırımı törətmiş və 613 nəfər qətlə yetirilmişdir. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri yaşlı insanlar olmuşdur. Səkkiz ailənin bütün üzvləri məhv edilmiş, 487 nəfər yaralanmışdır. Əsir götürülmüş 1275 nəfərdən 150-nin taleyi hələ də məlum deyil. Bu memorialın təşkil olunmasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" maarifləndirmə kampaniyası bütün dünyada keçirilib və təsadüfi deyil ki, 15 dövlət Xocalıda törədilmiş soyqırımı hadisəsini rəsmi tanımışdır.

Təməlqoyma mərasimindən əvvəl Prezident İlham Əliyev xocalılılar qarşısında çıxış edərək bildirib ki, memorialın Bakıda tikilməyini təklif edirdilər. Cənab Prezident, həmçinin Xocalıya böyük dövlətlərin, beynəlxalq təşkilatların laqeydliyini qeyd edib. Ölkə başçımız Azərbaycan Ordusunun ədaləti bərpa etməsindən, o cümlədən Xocalının azad olunmasından bəhs edərək bildirib ki, əlbəttə, siz də düşünürdünüz ki, Xocalının, Xankəndinin taleyi necə olacaq. Ancaq bütün həqiqətləri deyə bilmirdim. Prezident qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o vaxtdan Ağcakənd qəsəbəsində qaçqın düşərgəsi salınıb. İndi şükür ki, Xocalı azaddır və orada Azərbaycan bayrağı dalğalanır. Bu abidə xalqımızın qan yaddaşında önəmli amil olacaq.

Tahir KƏRİMLİ,

Milli Məclisin deputatı.